ADMİU-nun professoru «Sənətkar» medalı ilə təltif olundu
Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir».
Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib.
Tədbirdə bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyor” kafedrasının müdiri, Əməkdar artist, professor Azad Şükürov «SƏNƏTKAR» medalı ilə təltif olunub.