ADMİU-nun prorektoru Özbəkistanda keçirilən beynəlxalq forumda iştirak edib

Mayın 18–19-da Daşkənddə Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Musiqi təhsili: qlobal miqyasda vahid məkana doğru” adlı I Beynəlxalq Forum keçirilib. Tədbirdə müxtəlif ölkələrin aparıcı yaradıcılıq və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) forumda beynəlxalq əlaqələr üzrə prorektor, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova təmsil edib.
Forumun təntənəli açılış mərasimi mayın 18-də baş tutub. Tədbir iştirakçılarını Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxon Tacixanov, TÜRKSOY-un baş katibi Sultan Raev və digər rəsmi şəxslər salamlayıblar. Sevil Kərimova forumun işində moderator qismində iştirak edib. O, həmçinin forumun açılışında çıxış edərək, musiqi və bədii təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Mayın 19-da forum çərçivəsində Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda təhsil işçilərini, tədqiqatçıları və mədəniyyət xadimlərini bir araya gətirən “Mədəniyyətlərarası inteqrasiyanın möhkəmləndirilməsində yaradıcılıq və ifaçılıq məsələləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans zamanı mədəni qarşılıqlı əlaqələr, ifaçılıq sənəti və yaradıcı təhsilin inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunub.
Sevil Kərimova konfransda “Mədəniyyətlərarası inteqrasiya kontekstində bədii təhsil: Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Konfransda həmçinin ADMİU nəzdində Humanitar Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova da iştirak edib.
Daşkəndə səfəri çərçivəsində S.Kərimova Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun muzey menecmenti ixtisası üzrə təhsil alan tələbələr üçün muzey idarəçiliyində müasir yanaşmalar, beynəlxalq layihələr və mədəni kommunikasiyalara həsr olunmuş ustad dərsi də keçib.
Forum iştirakçıları və qonaqlar üçün Özbəkistanın mədəni irsi və müasir incəsənəti ilə yaxından tanış olmağa imkan yaradan zəngin mədəni proqram təşkil olunub.