ADMİU-nun rektoru Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edib
26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilib.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən festival çərçivəsində 27-28 avqust tarixlərində “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Konfransda 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları və beynəlxalq elmi-tədqiqat institutları və elm mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Elmi tədbirdə, eləcə də festival çərçivəsində keçirilən konsertlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və ADMİU-nun “Musiqi Tarixi və Nəzəriyyəsi” kafedrasının müdiri professor Kamilə Dadaşzadə iştirak ediblər.
Səfər çərçivəsində həmçinin, Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının növbəti görüşü keçirilib. TÜRKSOY-un baş katibi Sultan Rayevin də iştirakı ilə keçirilən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.
ADMİU-nun rektoru səfərdə Özbəkistanın bir sıra mədəniyyət qurumları və ali təhsil ocaqları ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq müqavilələri imzalayıb. O cümlədən, ADMİU ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edək ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilib. Bundan öncəki festival 2019-cu ildə olub. Pandemiya ilə bağlı festivala bir neçə il ara verilib. İndiyədək ümumilikdə 80-dək ölkədən musiqi kollektivləri və ifaçılar festivalda iştirak edib. O cümlədən, Azərbaycan sənətçiləri dəfələrlə festivalın mükafatçısı (iki dəfə Qran-pri) olublar.
XIII “Şərq təranələri”nin beynəlxalq münsiflər heyətinə Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Pazaşadə sədrlik edib.
Festivala qaliblərin mükafatlandırılması və qala-konsertlə yekun vurulub. Festivalın Qran-pri mükafatına Azərbaycanın “Simurq” muğam ansamblı layiq görülüb.
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.