ADMİU-nun rektoru Vyanada səfərdədir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və onun müşaviri professor Validə Məmmədova Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş daha bir tədbirdə iştirak ediblər.

Belə ki, oktyabrın 30-da Vyanada “Akzent” Teatrında Ü.Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva, Gəncə Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə və başqaları daxildir.

Bildirilib ki, nümayəndə heyəti əvvəlcə dahi bəstəkarın Vyananın Dunay parkında qoyulmuş abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoyub. Görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovun müəllifi olan abidə 2006-cı ildə qoyulub və musiqisevərlərin, eləcə də soydaşlarımızın tez-tez ziyarət etdiyi məkana çevrilib.

Sonra teatrın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılıb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində tutduğu mövqedən danışıb.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısı tərəfindən bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması da bu diqqətin bariz nümunəsidir.

Daha sonra tamaşa nümayiş olunub.

Alman dilində təqdim edilən tamaşa tanınmış rejissor Rita Serayniq və dirijor, bəstəkar Maykl Şnakın bədii rəhbərliyi altında tamamilə yerli yaradıcı heyətin iştirakı ilə hazırlanıb. Səhnə rəssamı və vizual elementlərin dizayneri Kristian Ariel Heredia, geyim rəssamı Vüsal Rəhim, xoreoqrafı Suzanne Rietsdir.

Səhnə əsərini Azərbaycan nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın tanınmış teatr və festivallarının rəhbərləri, media mənsubları, musiqisevərlər və bu ölkədəki soydaşlarımız izləyiblər.

Hadisələri müasir dövrə köçürülərək hazırlanan 112 yaşlı musiqili komediya sürəkli alqışlarla qarşılanıb.

Bundan əlavə, ADMİU-nun rektoru C.Mahmudova və onun müşaviri V.Məmmədova bir sıra işgüzar görüşlərdə də iştirak ediblər.

O cümlədən, nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərinə də səfər edib.