ADMİU-nun rektoru Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova sentyabrın 9-da Bakıda açılış mərasimi baş tutan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.
Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bu günü Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycanın gücünün və birliyinin ifadəsidir.
Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.
“Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” və “Qlobal akademik şəbəkənin qurulması: yerli universitet və elmi-tədqiqat institutlarının inkişafı üçün yeni yanaşmalar” mövzusunda panel müzakirələr aparılıb.
Birinci panel müzakirədə ADMİU-nun rektoru professor Ceyran Mahmudova “universitetlərin, o cümlədən, fakültə və tələbə mobilliyinin, eyni zamanda kurikulumun əmək bazarının tələb-təkliflərinə uyğunlaşdırılması, müasir bilik və bacarıqlara malik məzun buraxılışları üçün beynəlmiləlləşmə strategiyaları nə kimi rol oynayır? Xaricdə yaşayan alimlər Azərbaycanda elm və ali təhsilinin inkişafı, beynəlxalq tələbə və professorların cəlbində hansı funksiyaları yerinə yetirə bilər?” suallar ətrafında çıxış edib.
Forumun ikinci günündə “Məlumat elminin (data science) inkişafı Azərbaycanda prioritet sahələrdən biri ola bilər”, “Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu”, “1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası”, “Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma”, “Azərbaycan ilə Skandinaviya, həmçinin,digər Qərbi Avropa dövlətləri arasında elm və təhsil münasibətləri”, “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar”, Azərbaycanla Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” və “DAAB-ın virtual məkanda fəaliyyəti” mövzularında müzakirələr aparılıb.
23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadiminin iştirak etdiyi tədbirə sentyabrın 11-də yekun vurulacaq.
Forum çərçivəsində iştirakçılar işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.