ADMIU-nun rektorunun başçılıq etdiyi heyət Türkiyədə səfərdə olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın başçılığı ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Nizami Əsədov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayevadan ibarət nümayəndə heyəti 6-8 may tarixlərində Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.
Nümayəndə heyəti İstanbul Universitetinin rəhbər heyəti və İletişim fakültəsinin dekan və kafedra müdirləri ilə, Memar Sinan Gözəl Sənətlər Universitetinin rəhbər heyəti və Gözəl sənətlər fakültəsinin əməkdaşları ilə, eləcə də Bahçeşehir Universitetinin rəhbər heyəti və İletişim fakültəsinin əməkdaşları ilə görüşüblər.
Görüşlər zamanı universitetlər arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub, yaxın gələcəkdə həyata keçiriləcək planlarla bağlı razılıqlar əldə edilib.
Həmçinin, heyət İstanbul Universitetinin iki kampus binasını, Memar Sinan Gözəl Sənətlər Universitetinin muzey kompleksini və Bahçeşehir Universitetinin üç kampus binasını da ziyarət edib, buradakı tədrislə, tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olublar.