ADMİU-nun SABAH qruplarının uğurları “Mədəniyyət” kanalında
ADMİU-nun SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, müəllim Mikayıl Mikayılov, tələbələr Rahib Allahquliyev və Atilla İbrahimli “Mədəniyyət” kanalının “Səhərçağı” verilişinin qonağı olublar.
Onlar proqramda fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında nümayiş olunmuş “Hamlet” kriminal-dramı, eləcə də yaxın günlərdə Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” XI Beynəlxalq Tələbə Teatr Festivalı haqqında danışıblar.
Qeyd edilib ki, ADMİU-nun SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs təhsil ili tələbələri sözügedən festivalda onlayn formatda Yura Zoyferin “Vineta və ya batmış şəhər” tamaşası ilə uğurla iştirak ediblər.
Festiva çərçivəsində aprelin 18-də nümayiş etdirilən tamaşa “Ən yaxşı tamaşa” nominasiyası üzrə III yerə layiq görülüb.
Həmçinin, “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında ADMİU-nun tələbəsi Rahib Allahquliyev tamaşada canlandırdığı qoca dənizçi Conni roluna görə qalib gəlib.
Müəllim Mikayıl Mikayılov isə “Ən yaxşı eksperiment” nominasiya üzrə xüsusi mükafata layiq görülüb.

