ADMİU-nun SABAH tələbələri Rusiya səhnəsində…

ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak edirlər.

Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” tamaşası ilə uğurlu çıxış ediblər.

Tamaşadan sonra Rusiya, Qırğızıstan, Özbəkistan və digər ölkələrin tanınmış teatr mütəxəssisləri tamaşa haqqında, xüsusən, aktyor oyunu, kollektiv iş və rejissor işi ilə bağlı yüksək fikirlərini dilə gətiriblər. 

Tamaşanın quruluşçu rejissoru SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, səhnə danışığı müəllimi professor Nadir Hüseynovdur.

Qeyd edək ki, 11-19 noyabr tarixlərini əhatə edən festival boyu tələbə və müəllim heyəti öyrədici ixtisas təlimlərində, müxtəlif ekskursiyalarda və digər ölkələrin tələbə tamaşalarında izləyici kimi iştirak edəcəklər.