ADMIU-nun tələbə və məzunları karyera günündə iştirak ediblər
Mayın 4-də Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib.
Dövlət Turizm və Məşğulluq Agentlikləri, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Tələbə Təhsil Kredit Fondu və “Absheron Hotel Group”un dəstəyi ilə keçirilən karyera günündə Bakıda və regionlarda yerləşən, Azərbaycan Hotel Assosiasiyasına üzv olan 50 hotel 300-dən çox vakansiya və təcrübə proqramları ilə çıxış edib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Turizm və kitabxana informasiya fəaliyyəti kafedrasının müdiri, dosent Səyavuş Məhişov, müəllimləri Gülgün Bağırova və Rusif Əliyev, eyni zamanda bakalavriat təhsil səviyyəsi üzrə “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisaslarının təxminən 85-ə yaxın tələbəsi və əvvəlki illərin məzunları iştirak ediblər.
Tədbirdə əmək bazarında ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlığı üçün turizm təhsilinin keyfiyyəti ilə yanaşı, müvafiq iş imkanlarının yaradılması və əlçatan olmasının mühüm olması, bu baxımdan bu cür karyera sərgisi və əmək yarmarkalarının keçirilməsinin işaxtaranlar və sənayenin birbaşa ünsiyyəti üçün vacib platform olduğu xüsusilə qeyd olunub. Həmçinin, tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olunub, Azərbaycan Hotel Assosiasiyası və üzv olan hotellərin təmsilçiləri tərəfindən hotelçilik sahəsinin turizmdə yeri, COP29 çərçivəsində qonaqpərvərliyin ölkəmizin imici üçün vacibliyi, turizmdə insan resurslarının əhəmiyyəti kimi mövzularda təqdimatlar keçirilib.