ADMİU-nun tələbələri AMEA MEK-in Qarabağ Fondunu ziyarət ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin I kurs tələbələri və fakültənin müəllimi Günel İbrahimova AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən Qarabağ Fondunu ziyarət ediblər.
Ziyarət zamanı fondun rəhbəri Röksanə Səfərzadə tələbələrlə görüşərək fondun yaranma məqsədi, fəaliyyəti və toplanan materiallar barədə ətraflı məlumat verib. Qeyd edək ki, Röksanə Səfərzadə Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Babək Səmidlinin bacısıdır.
Görüşdə tələbələr fondun arxiv materialları ilə tanış olub, şəhidlərimizin həyat və döyüş yolunu əks etdirən sənədlərlə maraqlanıblar.
Tədbirin məqsədi gənc nəslin Qarabağ həqiqətləri ilə yaxından tanış olması, şəhidlərin xatirəsinin əziz tutulması və milli yaddaşın qorunmasıdır.