ADMİU-nun tələbələri festivalın qalibi olublar

Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.

Devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Festivalın qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrində var. Belə ki, Audiovizual sənətlər fakültəsinin Televiziya rejissoru ixtisası üzrə II təhsil ili tələbəsi Məmmədəli Əbilov “Qismət” filmi ilə “CINEMO” Mobil Film Festivalının “Sosial çarx” nominasiyası üzrə birinci yerə, kino rejissoru ixtisasının IV təhsil ili tələbəsi Şirin Əhmədov isə “Bayram hədiyyəsi” filmi ilə “Bədii film” nominasiyasında ikinci yerə layiq görülüblər.