ADMİU-nun tələbələri Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan Klubunda keçirilən qaliblərinin mükafatlandırılma mərasimində açılış nitqi ilə çıxış edən AYB-nin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Xalq yazıçısı Mirzə İbrahimovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrindən söhbət açıb. Qeyd edib ki, Mirzə İbrahimov yeni dövr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biridir.

Müsabiqənin münsiflər heyətinin sədri Xalq yazıçısı Elmira Axundova Fondun ilk layihələrindən olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin əhəmiyyətindən danışıb. E.Axundova qeyd edib ki, müsabiqədə Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, İran İslam Respublikasından olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında baş vermiş əlamətdar hadisənin araşdırılmasına həsr olunaraq Xalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir.

Daha sonra qaliblərin adları açıqlanıb. “Ən yaxşı esse” üzrə ADMİU-nun tələbələri Racu Gözəlov (Şıxlı) “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, Kəmalə Nəcəfova “Pıçıltı ilə qışqıran ədib”, Sara Əliyeva isə “Gələcək gün” esseləri ilə müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.

Qaliblərinin işləri “Gələcək Gün” adlı beynəlxalq elmi-nəzəri jurnalın xüsusi buraxılışında təqdim edilib.