ADMİU-nun tələbələri Novruz Düşərgəsində iştirak ediblər

Mart ayının 20-dən 31-dək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil İstirahət Mərkəzi”-ində möhtəşəm “Novruz Düşərgəsi – 2025” təşkil olunub. Bu düşərgə Novruz bayramının ruhuna uyğun olaraq həm əyləncəli, həm də maarifləndirici tədbirlərlə zəngin olub.
Tədbir iki mərhələdə keçirilib. İlk mərhələ 20-25 mart tarixlərini əhatə edib və bu mərhələ şəhid ailələri, qazilər və həssas qrup nümayəndələrinə həsr olunub. Onlar üçün xüsusi proqramlar təşkil edilib, milli dəyərlərimizə uyğun tədbirlər keçirilib. Burada iştirakçılar Novruzun qədim ənənələri ilə tanış olub, bayramın əsas simvollarından olan tonqal ətrafında bir araya gəlib, müxtəlif milli oyunlar və əyləncələrdə iştirak ediblər. Həmçinin psixoloji dəstək və sosial inteqrasiya məqsədilə müxtəlif seminar və görüşlər təşkil edilib.
26-31 mart tarixlərində isə tədbir tələbələr üçün nəzərdə tutulub. Bu mərhələdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri bir araya gələrək həm Novruzun təntənəsini qeyd edib, həm də fərqli mədəniyyətlər və dəyərlər ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin əsas aparıcı qüvvələrindən biri məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Musiqi sənəti fakültəsinin istedadlı tələbələri hər iki mərhələdə yüksək səviyyədə musiqili şou proqramlar təqdim ediblər. Bu proqramlar Novruzun əzəmətini və mədəni zənginliyini əks etdirən rəqslər, mahnılar və teatrlaşdırılmış səhnəciklərlə zəngin olub. Eyni zamanda , ADMİU-nun hər fakültəsindən olan tələbələr tədbirdə fəal iştirak etməklə, öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin yekununda ADMİU-nun şou proqramda iştirak edən tələbələri ATİAHİ tərəfindən diplomlarla təltif olunublar. Bu, onların incəsənət sahəsindəki fəaliyyətlərinə verilən yüksək qiymətin göstəricisi olub.
“Novruz Düşərgəsi – 2025” iştirakçılar üçün unudulmaz anlar yaşadıb, onların milli-mənəvi dəyərlərimizi daha yaxından tanımasına və birlik ruhunu hiss etməsinə səbəb olub. Bu cür tədbirlər Azərbaycan gənclərinin milli mədəniyyətə bağlılığını artırmaq, onların sosial inteqrasiyasını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.