ADMİU-nun tələbələri Quba şəhərində “Urban Hackathon 2026” layihəsində iştirak edirlər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və SABAH.Hub-ın dəstəyi ilə təşkil olunan “Urban Hackathon 2026 – Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” Quba şəhərində davam edir. Layihə WUF13-ə gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.
Hakatonun ikinci günündə iştirakçı komandalar şəhər mobilliyi və dayanıqlı nəqliyyat həlləri üzrə ideyalarını inkişaf etdirmək üzərində intensiv şəkildə çalışıblar. Proses çərçivəsində müxtəlif sahələr üzrə dəvət olunmuş ekspertlər komandalarla birbaşa işləyərək onların ideyalarını dinləyib və layihələrin daha effektiv şəkildə formalaşdırılması üçün tövsiyələr veriblər.
Ekspertlər xüsusilə maliyyə modelləri, sahibkarlıq yanaşması, dayanıqlı innovasiyalar, Dayanıqlı İnkişaf Məqsədləri, əlçatanlıq və inklüzivlik kimi mövzular üzrə komandalarla müzakirələr apararaq ideyaların praktik tətbiqi, bazar potensialı və sosial təsir imkanları barədə iştirakçılara yol göstəriblər.
Mentorluq sessiyaları çərçivəsində komandalar layihələrinin problemin analizi, həll mexanizmləri, məhsul konsepsiyası və davamlılıq modeli üzərində işləyərək ideyalarını daha sistemli və tətbiq oluna bilən layihələrə çevirməyə davam ediblər.
Qeyd edək ki, hakatonda ümumilikdə 150 iştirakçı 30 komanda şəklində 48 saat ərzində dayanıqlı şəhər mobilliyi sahəsində innovativ həllər hazırlayaraq münsiflər heyətinə təqdim etməyə hazırlaşır.
Həmin komandaların içərisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Mehdi Cənnətov, Fatimə Məmmədzadə, Səyyarə Ağayeva, Orxan Qarayev və İlahə Abdinovadan ibarət komanda da yer alıb. Onlar Hakatonda “Zen Bus- Daun Sindromu və Autizm Spektr pozuntusu olan uşaqlar üçün inkluziv ictimai nəqliyyat proqramı” adlı layihə ilə çıxış edirlər.