ADMİU-nun tələbələri Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak ediblər
Fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Kəmalə Məmmədovanın rəhbərliyi ilə kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan III təhsil ili tələbələri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – 34: Milli yaddaşın sarsılmazlıq simvolu” anım tədbirində iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının, habelə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayaraq, bu faciənin xalqımızın milli yaddaşında silinməz izlər qoyduğunu qeyd edib. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Xocalının tarixi keçmişi haqqında məlumat verib, xalqımızın erməni millətçiləri tərəfindən məruz qaldığı qanlı qırğınlar, soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən bəhs edib.
Tədbir çərçivəsində iştirakçılara kitabxanada təşkil olunmuş “Xocalı soyqırımı” adlı geniş kitab sərgisi təqdim olunub. Daha sonra faciənin ağrısını və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən müxtəlif kompozisiyalar nümayiş olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin şagirdlərinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin təqdimatında xoreoqrafik və ədəbi-bədii kompozisiyalar, həmçinin rəqs kompozisiyası, mahnı və şeirlər nümayiş olunub.
Tədbirin sonunda professor Afət Abbasova çıxış edərək, Xocalıda artıq Azərbaycan bayrağının dalğalandığını və böyük qayıdışın başladığını bildirib. İşğaldan azad edilmiş yurd yerlərimizə, “Xocalıya qayıdış”ı əks etdirən videoçarx təqdim olunub.

