ADMİU-nun tələbələrinə Peşə Təhsil Mərkəzi tərəfindən Təşəkkürnamələr təqdim olunub

Aprelin 21-də İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və bir neçə əməkdaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Görüşdə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxış edərək bildirib ki, son zamanlar iki qurum arasında mədəni yaxınlaşma özünü göstərir. Buna misal olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə mart ayında Peşə Təhsil Mərkəzində keçirilən Novruz bayramı tədbirindən danışan prorektor hər iki qurumun tələbələrinin bayram konsertində çox gözəl çıxış etdiklərini deyib.
Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov göstərilən diqqət üçün universitetin rektoru professor Ceyran Mahmudova başda olmaqla, bütün kollektivə öz təşəkkürünü bildirib. O da Novruz bayramına həsr olunan konsertin yüksək səviyyədə təşkilindən danışaraq, gələcəkdə bu cür birgə layihələrin, konsert və tədbirlərin davamlı keçirilməsini arzu edib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin Tədrisin təşkili şöbəsinin baş mütəxəssisi Cavid Əhmədov da öz növbəsində ADMİU-nun incəsənət sevdalı hər kəs üçün doğma məkan olduğunu deyib və Peşə Təhsili Mərkəzində də istedadlı tələbələrin olduğunu nəzərə alaraq, iki qurum arasındakı bu dostluq münasibətinin uğurlu olacağına inandığını bildirib.
Daha sonra sözügedən Novruz bayramı tədbirində iştirak edən tələbələrə Peşə Təhsili Mərkəzi adından Təşəkkürnamələr təqdim olunub.