ADMİU-nun tələbəsi Qazaxıstanda keçirilən Beynəlxalq festivalda mükafat qazanıb

Xəbər verdiyimiz kimi, ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri 20-22 may tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında ölkəmizi təmsil ediblər. Tələbələrimiz mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə çıxış ediblər.
Həmin gün keçirilən mükafatlandırma və bağlanış mərasimində SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbəsi Rahib Allahquliyev “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub. Tələbə öz sevincini və festivalla bağlı təəssüratlarını saytımızla bölüşüb: “Türk dünyası” III Beynəlxalq Tələbə Teatrları Festivalı bizim üçün ən unudulmaz hadisələrdən biri oldu. Bu günlər ərzində bir ustad dərsləri keçdik, Qazaxıstanın sənət dünyası ilə yaxından tanış olduq, müxtəlif türkdilli ölkələrdən gələn tələbələrin tamaşalarına baxdıq. Bütün bunlar bizim üçün böyük təcrübə oldu. Düşünürəm ki, burada öyrəndiklərimiz bizim həm tələbə kimi bundan sonrakı tədrisimizdə, həm də gələcək karyeramızda çox kömək olacaq.
Bizim festivalda təqdim etdiyimiz “Yay gecəsində yuxu” rok balladasında bizim bütün bacarıqlarımız- plastika, rəqs, aktyor sənəti, musiqi birləşmişdi. Mən əsərdə üç obraz canlandırırdım. Onlardan Pak obrazı daha zəngin, daha dinamik idi ki, mən bu obrazla bütün bacarıqlarımı nümayiş etdirə bilirdim. Bunun üçün kurs rəhbərim Mikayıl müəllimə və aktyor sənəti müəllimim Ruslan İsmayılova təşəkkür edirəm ki, bizim üzərimizdə çox çalışdılar, bizi yüksək səviyyədə həm tamaşaya, həm də obrazlarımıza hazırladılar. Onların zəhmətlərinin bəhrəsidir ki, mən festivalda “Ən yaxşı kişi rolu”na layiq görüldüm. Bizim üçün gözlənilməz və çox qürurlu an idi. Mükafatın təqdimatı üçün səhnəyə çıxanda Azərbaycan komandasının, xüsusən hörmətli rektorumuz Ceyran xanım Mahmudovanın gözlərindəki sevinci, həyəcanı görmək məni çox fərəhləndirdi, özümü daha da xoşbəxt hiss etdim.
Bu bütün universitetimizin, ölkəmizin uğurudur. Bu uğura görə universitetimizin rəhbərliyinə, SABAH qruplarına və müəllimlərimə təşəkkür edirəm!”
Qeyd edək ki, kurs rəhbəri Mikayıl Mikayılov, aktyor sənəti müəllimi Ruslan İsmayılovdur. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.