ADMİU-nun tələbəsi yeni tamaşasını təqdim edəcək

3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr rejissorluğu fakültəsinin l təhsil ili tələbəsi yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində ADMİU-nun tələbələri Hüseyn Quluzadə (Qriqori Stepanoviç Smirnov), Türkel Ələsgər (Yelena İvanovna Popova), Nərmin Ağayeva (Anfisa) iştirak edirlər.
Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.