ADMİU tələbələri yay düşərgəsində iştirak edib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən yay düşərgəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sabah qrupları da daxil olmaqla bütün fakültələrin tələbələri də iştirak ediblər.
Tələbələrin düşərgədə iştirakı ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyevin dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, sosial ünsiyyət bacarıqlarının inkişafı və gənclər arasında həmrəyliyin möhkəmləndirilməsi məqsəd qoyulub.
8–13 sentyabr tarixlərində “Təhsil” istirahət mərkəzində keçirilən ənənəvi “Tələbələrin yay düşərgəsi”ndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) fəal gəncləri də iştirak ediblər. Tədbirdə ADMİU tələbələrinin yüksək yaradıcılıq qabiliyyəti, musiqi və teatr sahəsində təqdim etdikləri proqramlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
“ADMİU tələbələri düşərgədə öz istedadlarını nümayiş etdirərək musiqi və teatr səhnələrində parlaq çıxışlar etdilər. Onların təqdim etdiyi proqramlar universitetimizin incəsənət sahəsində qabaqcıl mövqeyini bir daha təsdiqlədi. Bu cür tədbirlər tələbələrimizə yeni dostluqlar qurmaqla yanaşı, həm də mədəni inteqrasiyada fəal iştirak imkanı yaradır”, – deyə Rusif Əliyev qeyd edib.
Düşərgə barədə ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rusif Əliyev suallarımızı cavablandırdı.
– “Tələbələrin yay düşərgəsi” ADMİU tələbələri üçün hansı məqamlarla əlamətdar oldu?
Bu düşərgə tələbələrimiz üçün sadəcə yay tətilini səmərəli keçirmək deyil, eyni zamanda öz yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı yaratdı. ADMİU tələbələri musiqi və teatr səhnələrində hazırladıqları çıxışlarla düşərgəyə xüsusi rəng qatdılar. Onların ifaları və səhnə performansları iştirakçıların böyük marağına səbəb oldu. Mənim üçün sevindirici hal ondan ibarətdir ki, tələbələrimiz burada həm peşəkar səviyyələrini göstərdilər, həm də komandada işləmək və bir-biri ilə daha sıx ünsiyyət qurmaq imkanını əldə etdilər.
– Bu tədbirin təşkilində AHİK və ETİHİ-nin rolu necə qiymətləndirilə bilər?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) daim gənclərin inkişafına, onların sosial rifahına və mədəni fəaliyyətlərinə dəstək göstərir. Bu düşərgənin də məhz həmin qurumların təşəbbüsü ilə keçirilməsi göstərir ki, həmkarlar təşkilatları tələbələrin təkcə sosial müdafiəsi ilə deyil, həm də yaradıcılıq potensialının inkişafı ilə yaxından maraqlanır. Mən düşünürəm ki, bu dəstək tələbələrin müxtəlif sahələr üzrə nailiyyətlərini daha geniş auditoriyaya çatdırmağa imkan verdi.
– Düşərgədə digər universitetlərin tələbələrinin iştirakı ADMİU üçün hansı üstünlüklər yaratdı?
Müxtəlif universitetlərin tələbə həmkarlar təşkilatlarının sədrləri və fəal gəncləri bu düşərgədə bir araya gəldi. Bu isə gənclər arasında həm dostluğun, həm də əməkdaşlığın möhkəmlənməsinə şərait yaratdı. ADMİU tələbələrinin musiqi və teatr və çəkiliş sahəsindəki çıxışları digər universitetlərdən olan gənclər tərəfindən böyük maraqla qarşılandı və bu incəsənət mübadiləsi üçün gözəl bir fürsət oldu. Bu cür ortaq platformalar tələbələr arasında yaradıcılıq baxımından yeni ideyaların paylaşılmasına zəmin yaradır.
– Sonda oxucularımıza hansı mesajı vermək istərdiniz?
Mən hesab edirəm ki, “Tələbələrin yay düşərgəsi” kimi layihələr gənclərin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu cür tədbirlər sayəsində tələbələrimiz yalnız sosial və mədəni bacarıqlarını artırmır, həm də öz yaradıcılıqlarını daha geniş auditoriyaya təqdim etmək imkanı qazanırlar. “Tələbələrin yay düşərgəsi” gənclərin həm şəxsi, həm də yaradıcılıq potensialının inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu cür layihələr tələbələrə yeni biliklər qazanmaq, ünsiyyət dairəsini genişləndirmək və komanda ruhunu möhkəmləndirmək imkanı verir. AHİK və ETİHİ-nin dəstəyi ilə həyata keçirilən bu cür tədbirlər gənclərin həmkarlar hərəkatına marağını artırır və onların gələcəkdə daha genişmiqyaslı birgə layihələrdə uğurla çıxış etməsinə şərait yaradır.