ADMİU tələbələrinə Türkiyədə təhsil imkanları və təqaüd proqramları haqqında məlumat verilib

Fevralın 18-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğanın rəhbərliyi ilə Yurtdışı Türklər və Əqraba İcma Başqanlığının (YTB) heyət üzvləri – Özge Kaya və Mehmet Serdar Ercan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Qonaqları ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova qəbul ediblər. Görüş zamanı Prorektor N.Rüstəmova ADMİU-nun Türkiyə universitetləri ilə sıx əlaqələr qurduğunu, bir sıra universitetlərlə qarşılıqlı əməkdaşlıq memorandumun olduğunu bildirib. Bu əməkdaşlıq sayəsində ortaq layihələr, tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.
Prorektor S.Kərimova Türkiyə Respublikasının YTB vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan tələbələrə təqdim etdiyi təqaüd imkanlarının təhsilin inkişafında mühüm rol oynadığını deyib.
Türkiyə Respublikasının təhsil müşaviri Yurdagül Aydoğan səmimi qəbula görə təşəkkür edərək, ADMİU-nun Türkiyə universitetləri ilə əməkdaşlıq modelinin Azərbaycan və Türkiyənin digər ali təhsil müəssisələri üçün nümunə ola biləcəyini qeyd edib. O, universitetlərarası əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Daha sonra nümayəndə heyəti ADMİU-nun tələbələri ilə görüşüb. Görüş zamanı Yurtdışı Türklər və Əqraba İcma Başqanlığının (YTB) nümayəndələri tələbələr üçün təqaüd proqramları barədə geniş təqdimatla çıxış edərək, onların suallarını cavablandırıblar. Təqdimat zamanı YTB-nin xaricdə təhsil almaq istəyən gənclərə yaratdığı imkanlar, müxtəlif təqaüd proqramlarına müraciət qaydaları və seçilmə meyarları haqqında ətraflı məlumat verilib.
Qonaqlar qeyd ediblər ki, YTB-nin təqdim etdiyi “Türkiyə Bursları” proqramı dünya üzrə minlərlə tələbəyə Türkiyənin nüfuzlu universitetlərində tam təqaüdlə təhsil almaq imkanı yaradır. Proqram bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. “Türkiyə Bursları” təqaüdü yalnız təhsil haqqını qarşılamır, eyni zamanda aylıq təqaüd, yataqxana, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərini də əhatə edir.
Təqaüd proqramı çərçivəsində tələbələrə aşağıdakı imkanlar təqdim olunur:
Bakalavr təhsil səviyyəsi üçün:
Aylıq 3,500 TL təqaüd
Təhsil haqqının tam qarşılanması
Universitet yataqxanasında ödənişsiz qalmaq imkanı
İllik tibbi sığorta
İki dəfə – Türkiyəyə gediş və ölkəyə dönüş üçün ödənişsiz təyyarə bileti
Türk dili kursları
Magistratura səviyyəsi üçün:
Aylıq 5,000 TL təqaüd
Digər bütün üstünlüklər bakalavr proqramı ilə eynidir
Doktorantura səviyyəsi üçün:
Aylıq 6,500 TL təqaüd
Bütün digər dəstək mexanizmləri magistratura və bakalavr səviyyəsi ilə eyni
YTB nümayəndələri vurğulayıblar ki, “Türkiyə Bursları” proqramına müraciət prosesi rəqabətlidir və akademik göstəricilər, sosial və mədəni fəaliyyətlər, liderlik bacarıqları kimi meyarlar nəzərə alınır. Təqaüd proqramına qəbul olunan tələbələr Türkiyədə ali təhsil almaqla yanaşı, qlobal mühitdə peşəkar şəbəkələr qurmaq, mədəniyyətlərarası təcrübə qazanmaq və gələcək karyeraları üçün mühüm bilik və bacarıqlara yiyələnmək imkanı əldə edirlər.