ADMİU tələbələrinin Antalyada böyük uğuru
Türkiyənin Antalya şəhərində keçirilmiş “Akdeniz Sounds 2025” II Beynəlxalq Gənclər Festivalı və Müsabiqəsi Azərbaycan nümayəndə heyəti üçün əlamətdar uğurla yadda qalıb.
Müsabiqə Akdeniz Universiteti və Qazaxıstan Milli Sənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi musiqi sahəsində gənc istedadların üzə çıxarılması, ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi və beynəlxalq yaradıcılıq mühitinin inkişafına töhfə vermək olub.
Festival və müsabiqədə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İtaliya və Argentina kimi ölkələri təmsil edən istedadlı gənclər iştirak ediblər. Bu nüfuzlu beynəlxalq səhnədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının III kurs tələbələri də ölkəmizi layiqincə təmsil ediblər.
Tələbələrdən Beynəlxalq və Respublika müsabiqələri laureatı Safura Mursaliyeva I yerə, Səfərli Sünbül isə II yerə layiq görülüblər. Hər iki ifaçı diplom və medal ilə təltif edilib.
Müəllim ADMİU- müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalı ilə təltif olunmuş, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır.