ADMİU tələbələrinin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və sosial əlaqələrini gücləndirmələri məqsədilə maraqlı və unudulmaz tədbirlər təşkil etməyə davam edir. Bu çərçivədə 15-16 mart tarixlərində Quba rayonunun “Nazlı Bulaq” istirahət mərkəzində ADMİU tələbələri üçün xüsusi istirahət düşərgəsi təşkil olunub.
Düşərgənin əsas məqsədi tələbələrin təhsil prosesindəki gərginliyini azaltmaq, onlara təbiət qoynunda dincəlmək imkanı yaratmaq və eyni zamanda komanda ruhunu gücləndirmək olub. Tədbirə universitetin müxtəlif fakültələrindən tələbələr qatılıb və bu, onların bir-biri ilə daha yaxından tanış olmalarına şərait yaradıb.
İki gün davam edən istirahət proqramı çərçivəsində tələbələr üçün müxtəlif əyləncəli və intellektual yarışlar, idman tədbirləri, musiqili gecələr təşkil olunub.
Təbiət qoynunda baş tutan düşərgə, tələbələr üçün yeni dostluqların yaranmasına və kollektiv ruhunun güclənməsinə böyük töhfə verib. İştirakçılar bu cür tədbirlərdən böyük məmnuniyyət duyduqlarını bildirərək bu təşəbbüslərin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.
ADMİU THİK gələcəkdə də tələbələrin rifahını yüksəltmək və onların asudə vaxtlarını daha maraqlı keçirmələrini təmin etmək üçün müxtəlif layihələr həyata keçirməyi planlaşdırır.