ADMİU tələbələrinin Azərbaycan Dillər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində könüllü fəaliyyət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan 5 tələbəsi –Musayeva Zinyət, Əliyeva Samirə, Babazadə Qumral, Əzizova Firuzə və Orucova Fəridə tədris prosesi ilə yanaşı Kitabxana-informasiya Mərkəzində könüllü fəaliyyətə cəlb olunub. Onlar kitabxana sahəsində ilkin təcrübi bacarıqlara yiyələniblər.
Mərkəzin təşəbbüsü ilə könüllü tələbələrin peşə bacarıqlarının inkişaf etdirilməsi Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində davam etdirilib. Tələbələr 2 ay müddətində kitabişləmə, məlumat axtarışı və resurslardan istifadə, elektron və çap resurslarının tapılması və istifadəsi, müxtəlif axtarış sistemləri və kitabxana kataloqları ilə işin təşkili, elektron kitablar və məlumat bazalarından istifadə, habelə, kitabxana tədbirlərinin keçirilməsi proseslərini öyrəniblər.
Könüllü tələbələrin bu müddət ərzində təcrübə keçməsinə imkan verdiyi üçün ADU Elmi Kitabxana və İnformasiya Xidmət Mərkəzinin müdiri Cəmilə Əliyevaya və mərkəzin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Bu təcrübə tələbələr üçün həm praktiki bacarıqları inkişaf etdirmək, həm də kitabxana mühitini yaxından tanımaq imkanı yaradıb.

