ADMİU və ARUCAD Universiteti arasında ikili diplom proqramı çərçivəsində növbəti görüş keçirilib

ADMİU (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ilə Şimali Kiprin ARUCAD (Arkin University of Creative Arts and Design) Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə onlayn görüş keçirilib.

Görüşdə ADMİU-nun tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva, dekan müavini Əli Hacılı, ARUCAD Universitetinin Musiqi və səhnə sənəti fakültəsinin dekanı professor Kerem Karaboğa, Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Simge Yorgancıoğlu və proqram çərçivəsində təhsil alan tələbələr iştirak ediblər.

Görüş zamanı tələbələrə ikili diplom proqramının məqsədləri, təhsil prosesinin mərhələləri, iki universitet arasında əməkdaşlığın üstünlükləri barədə ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin gələcək istiqamətləri müzakirə olunub.

Dosent Nigar Rüstəmova çıxışında qeyd edib ki, bu proqram tələbələr üçün müxtəlif teatr məktəblərinin təcrübəsini öyrənmək üçün yaradılmış bir imkandır.

Görüşdə tərəflər iki universitet arasında gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən birgə ustad dərsləri, yaradıcılıq laboratoriyaları və tələbə mübadilə proqramlarının həyata keçirilməsi ilə bağlı müzakirə ediblər.

Görüşün sonunda bildirilib ki, bu əməkdaşlıq universitetlər arasında elmi-mədəni inteqrasiyanın güclənməsinə, eləcə də teatr sənətində yenilikçi və peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.