ADMİU XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakını müvəffəqiyyətlə başa vurub
Müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bugünün hadisəsi” mövzusuna həsr edilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisi işini yekunlaşdırıb. Oktyabr ayının 1-7 tarixlərində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş sərgidə ADMİU-nun Kitabxana-informasiya mərkəzi öz stendi ilə təmsil olunub. Ziyarətçilər dövlətçiliyimizə aid nəşrlər və ADMİU-nun akademik heyətinin 2020-2025-ci illərdə çapdan çıxmış əsərlərindən ibarət kitablarla tanış olmaq imkanı əldə ediblər. Sərgi, həmçinin, kitabxana və informasiya mütəxəssislərinin təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edib.
Ölkənin müxtəlif kitabxanaları, yerli və xarici nəşriyyatlar, eləcə də, iri kitab mağazalarının iştirak etdiyi sərgidə ADMİU-nun stentində nümayiş olunan teatr, audiovizual sənətlər, rəssamlıq, musiqi və kulturologiyaya dair nəşrlər kitabsevərlərin böyük marağına səbəb olub. Beynəlxalq Kitab Sərgisi çərçivəsində növbəti günlərdə keçirilən master-klass, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatı, imza günü, konfrans, simpozium, müsabiqə, qiraət və musiqi saatları formatında təşkil edilən tədbirlərdə Kulturologiya fakültəsinin tələbələri də fəal iştirak ediblər. Bu müddətdə yerli və xarici nəşriyyatlarla əməkdaşlıq imkanları araşdırılıb, mərkəzin sənəd-informasiya resursları fondunun zənginləşdirilməsi istiqamətində faydalı təkliflər toplanıb.
ADMİU-nun bu tədbirdə iştirakı Mədəniyyət Nazirliyi tərəfindən kitab və oxu mədəniyyətinin təbliği, gənclərin intellektual potensialının artırılması və mədəni irsin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilərək sertifikata layiq görülüb. Kitabxana-informasiya mərkəzi gələcəkdə oxucuların təşviqi və kitabxana işinin inkişafına yönəlmiş layihələrdə fəal iştirak etməyi planlaşdırır.