ADMİU “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb.
ATGTİ-nin rəhbər heyəti bu məqsədlə ADMİU-da olub və universitetin rektoru professor Ceyran Mahmudova ilə görüşüb. Görüşdə eyni zamanda ADMİU Elmi Şurasının üzvləri də iştirak ediblər.
Görüş zamanı gənclərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı mühüm töhfələrindən, bu çərçivədə ADMİU-nun səmərəli fəaliyyətindən danışılıb.
ATGTİ-nin sədri Rəşad Zeynalov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gördüyü işlər, nəzərdə tutulan yeniliklər və gələcək layihələri barədə ətraflı məlumat verib, eyni zamanda, bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən danışıb.
Rektor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının gənclər siyasətinin universitetin ümumi strategiyasını təşkil etdiyini deyib. O, gənclərin çox fəal olduğunu diqqətə çatdırıb. “Bizim tələbələrimiz gələcəkdə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərəcəklər. Biz onların ən yüksək səviyyədə peşəkar kadr kimi yetişmələri üçün kollektiv olaraq hər cür şəraiti yaratmağa çalışırıq. Bu çərçivədə sizin təşkilatınızla da əməkdaşlığa hazırıq”-deyə xanım rektor əlavə edib.
Görüşdə həyata keçiriləcək mümkün birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. R.Zeynalov ATGTİ-nin təşkilatçılığı ilə “CreART” Proqramı çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr edilmiş “Uğuruna Gülümsə!” adlı tamaşadan danışıb və bu tamaşada ADMİU-nun tələbələrinin fəal iştirak etdiyini deyib. Eyni zamanda sədr mədəniyyət və incəsənət sahəsinə maraqlı gənclərdən ibarət bir baza hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim etməyi planlaşdırdıqlarını deyib və bu bazanın formalaşmasında universitetdən dəstək istəyib.
C.Mahmudova hər zaman onlara dəstək olmağa hazır olduqlarını vurğulayıb və daha geniş bir zamanda onların tələbələrlə görüşlərinin də təşkil edilə biləcəyini deyib.
Sonda rektor Ceyran Mahmudovaya Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi töhfəyə görə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edilib.