Aktyor sənəti və rejissorluq sahəsində yeni dərs vəsaiti
ADMİU-nun Səhnə danışığı kafedrasının müdiri, Xalq artisti, professor Məmmədsafa Qasımovun yeni “Teatr…Kino…Aktyor” adlı dərs vəsaiti çap olunub. İxtisas üzrə fənlərin təlim nəticələrinin, aktyor və rejissor hazırlığının nəzəri və praktiki cəhətlərinin mənimsənilməsi, müvafiq bacarıq və kompetensiyaların qazanılması üçün kitabda lazımi tədris-təlim materialları toplanıb. Tədris nəşrinin əsas üstünlüklərindən biri də odur ki, burada teatr sənətində nəzəriyyə və təlimlər, Konstantin Stanislavski, Li Strasber və Vaqif İbrahimoğlu kimi nəzəriyyəçi və rejissorların metod və təcrübəsi təqdim olunur. Dərs vəsaitində “Aktyorlar zəmanəmizin güzgüsüdürlər”, “Aktyor və obraz”, “Teatr sənətində nəzəriyyələr və təlimlər”, “Stanislavski təlimi. Metod, yoxsa sistem?”, “Psixoloji jestin strukturu”, “Aktyor sənəti və dünya təcrübəsi. Stanislavski metodu və Li Strasberq məktəbinin müqayisəli təhlili”, “Aktyorun öz üzərində və rol üzərində işi problemi”, “Səhnə danışığında durğu işarələrinin əhəmiyyəti”, “Bədii yaradıcılıq psixologiyası aktyor sənətində”, “Yaddaş və hissiyyat anlayışı”, “İncəsənətdə katarsis anlayışı”, “Rejissor və aktyorun yaradıcılıq əməkdaşlığı”, “Vaqif İbrahimoğlunun rejissurasında aktyorla iş xüsusiyyətləri”, “Teatr sənətinin ictimai-mədəni əhəmiyyəti” və “Dramaturji material və tamaşa” adlı başlıqlarda təqdim olunan materiallar tələbələr üçün dəyərli mənbədir. Kitabda Xalq artisti Məmmədsafa Qasımovun iştirak etdiyi filmlərin və tamaşaların siyahısı da xronoloji qaydada oxucların diqqətinə çatdırılır. Tədris ədəbiyyatından Kitabxana-İnformasiya Mərkəzində istifadə etmək olar. Elmi redaktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, rəyçiləri isə Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, sənət.ü.f.d., dosent Vidadi Qafarov və sənət.ü.f.d., dosent Elçin Cəfərov olan dərs vəsaiti ADMİU Elmi Şurasının 22 dekabr 2023-cü il tarixli qərarına əsasən çap edilib.