Teatrşünaslıq Kafedrasının Müdiri
Əməkdar incəsənət xadimi, professor
Talıbzadə Aydın Ağa Yunus oğlu (05.10.1958-ci il, Bakı) ADMİU-nun “Tetarşünaslıq” kafedrasının müdiri, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimidir. 1958-ci ildə Bakı şəhərində anadan olub.
1976-81-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun teatrşünaslıq şöbəsində təhsilini əyani surətdə davam etdirib və oranı Lenin təqaüdü ilə bitirib. 1983-cü ildən ta indiyənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır.
1989-cu ildə Moskvada “Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrinin teatr poetikasının bəzi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib sənətşünaslıq namizədi elmi dərəcəsini alıb.
Universitetdə çalışdığı 30 il ərzində respublika və xarici ölkə mətbuatlarında 400-dən artıq elmi-nəzəri, tənqidi-publisistik məqalələri, esseləri dərc olunub və bu məqalələrin bir qismi müxtəlif sayt və mədəniyyət portallarında yerləşdirilib.
1990-cı ildə “Faciə: janrın təyininə dair” adlı kitabça-metodik göstəricisi çap olunub.
2000-ci ildə “Azərbaycan” jurnalının 4-cü sayında dərc edilmiş “Kəpənək və ya təfsiri-şərhi-hali Nəsimi” məqaləsinə görə Azərbaycan Yazıçılar Birliyinin “Tənqidi və ya ədəbiyyatşünaslıq əsərləri üçün Aydın Məmmədov adına mükafat”a layiq görülüb.
2004-cü ildə “Ustad və Ayna: ruhun, çinarın, telefonun ekran estetikası” (Bakı, “Çinar-çap”, 2004, 288 s.) adlı bədii-publisistik monoqrafiyası nəşr edilib.
2005-ci ildə Tatarıstanda, 2009-cu ildə isə Başqırdıstanda keçirilən tükdilli xalqların Beynəlxalq Teatr Festivallarına Tənqidçilər Şurasının üzvi kimi dəvət alıb və orada Azərbaycanı təmsil edib. 2009-cu ildə Misirdə Beynəlxalq Qahirə Eksperimental Teatr Festivalında, 2012-ci ildə isə BƏƏ-də keçirilən Fucəyra Beynəlxalq Monotamaşalar Festivalında Azərbaycan nümayəndə heyətinin tərkibində olub. 2006-cı ildə “İslam mədəniyyətində teatr və teatrallıq” (Baku, “Sabax”, 2006, 312 s.) adlı elmi tədqiqat əsəri rus dilində çapdan çıxıb və respublikanın teatr ictimaiyyətinə təqdim olunub, respublikadan kənarda yayımlanıb.
2006-cı ildə görkəmli mifoloq və filosof Y.E.Qolosovkerin “Mif məntiqi” (Bakı, “Kitab aləmi”, 2006, 316 s.) əsərini ruscadan dilimizə çevirib. 2008-ci ildə tədris etdiyi “Şərq teatrı tarixi” (Bakı, “Qanun”, 2008, 236 s.) fənni üzrə dərslik çap elətdirib. 2012-ci ildə “Teatr tənqidi”, “Şərq teatrı tarixi” və “Şərq teatrının nəzəri məsələləri” üzrə proqram və metodik göstəriciləri işıq üzü görüb.
2008-ci ildə “Azərbaycan” jurnalının 5-ci sayında “Kəpənək” modeli. 102” romanı dərc edilib.
2009-cu ildə “Mehdi müəmması və ya sənətdə konseptual hamletizm” (Bakı, “Elm və Təhsil”, 2009, 384 s.) adlı monoqrafiyası işıq üzü görüb. Teatrşünaslığın təhlil metodologiyaları ilə bədii-publisistikanın və roman janrının kəsişdiyi nöqtələrdə öz gerçəkliyini tapmış bu monoqrafiya Azərbaycan teatrşünaslığının uğurlarından biri kimi dəyərləndirilir.
“Azərbaycan xalçası” (2008) və “Ramazan dalğası” (2012) sənədli filmlərinin ssenarisini yazıb.
2012-ci ildə R.Fərhadovun və F.Babayevanın “Rafiq Babayev: mövzu və improviz” monoqrafiyasını ruscadan Azərbaycancaya çevirib və kitab həmin ildə də dərc edilib.
2010, 2012 və 2014-cü illərdə keçirilən Bakı Baeynəlxalq Teatr Konfranslarında uğurlu çıxışları ilə yadda qalıb.
2013-cü ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib.
2014-ci ildə Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının Böyük Britaniyada keçirilən təsisci iclasında iştirak edib.
2014-cü ildə “Əbuhübb” adlı romanı işıq üzü görüb.
2015-ci ildə “Teatral freskalar” və “Min maska bir mən” başlığı altında iki irihəcmli məqalələr toplusu çapdan buraxılıb.
2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb.