Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində interaktiv dərslər uğurla davam edir
Qrant layihələrin yazılması fənni çərçivəsində MBA proqramının tələbələri MBA təhsil proqramının kuratoru, dosent Gülnarə Məmmədova Heydər Əliyev Mərkəzində qonaq olmuşdurlar. Tələbələr Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular və burada təqdim olunan sərgilərə baxış keçirdilər. Onlar tanınmış braziliyalı rəssam və heykəltəraş Luiz de Souzanın “Əbədiyyətin ifadəsi” adlı sərgisilə tanış oldular. Xalq rəssamı Eldar Mikayılzadənin rəhbərliyi ilə ərsəyə gətirilmiş “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı xalça sərgisinin ekspozisiyasında “Dörd fəsil”, “Adəm və Həvva”, “Yaşlı”, “Şikargah”, “Xan Ovu”, “Cənnət quşları”, “Cəng və Barış” kimi unikal xalça və gəbə nümunələri xüsusi marağa səbəb olmuşdur.
Sonra isə görüşü təşkil edən Qrant layihələrin yazılması fənninin müəllimi tarix elmləri doktoru, professor Məlahət Fərəcova tələbələrini Mərkəzin Layihələrin idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayeva ilə tanış etdi.
Nərgiz Abdullayeva tələbələrlə keçirilən görüşdə öz zəngin təcrübəsini bölüşdü, onlara qrant layihələrinin hazırlanması və təqdim olunması barədə ətraflı məlumat verdi. Dərs zamanı tələbələrin hazırladıqları müxtəlif layihələr təqdim olundu və müzakirə edildi. Eyni zamanda onlara uğurlu təqdimatın sirrləri və peşəkar yanaşma ilə bağlı faydalı tövsiyələr verildi.
Tələbələr Heydər Əliyev Mərkəzində baş tutan görüşün olduqca məhsuldar və faydalı olduğunu dedilər.
Yaradılan şərait və göstərilən xoş münasibətə görə Heydər Əliyev Mərkəzinin əməkdaşlarına minnətdarlığımızı bildiririk.