Azərbaycan Milli Kitabxanasının yeni nəşrlərdən ibarət növbəti hədiyyəsi
ADMİU Kitabxana-informasiya mərkəzinə Azərbaycan Milli Kitabxanası tərəfindən yeni not nəşrləri təqdim olunub. 2025-ci ildə çap olunmuş bu musiqi topluları müasir Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığını əhatə edir və tədris, elmi-tədqiqat, eləcə də, ifaçılıq fəaliyyəti üçün mühüm mənbə kimi xüsusi əhəmiyyət kəsb edir.
Hədiyyə olunan nəşrlər sırasında Üzeyir Hacıbəyovun “Sənsiz Sevgili canan”, Georgi Burşteynin M. Maqomayevin “Şah İsmayıl” operasının motivləri əsasında yazdığı “Fantaziya”, Xəyyam Mirzəzadənin “Adajio”, “Solo instrumental əsərlər”, “Ağ və Qara (fortepiano üçün 12 prelüd)”, Sərdar Fərəcovun müxtəlif musiqi alətləri üçün yazılmış pyesləri (skripka, kamança, tar, klarnet və ya truba ilə fortepiano üçün), Vasif Adıgözəlovun “Skerso” və Əşrəf Abbasovun “Variasiyalar” adlı əsərlər, eləcə də, Tofiq Bakıxanovun biblioqrafiyası yer alır.
“Milli Kitabxananın qızıl fondundan” layihəsi üzrə nəşr edilmiş not məcmuələri musiqi nəzəriyyəsi, ifaçılıq və bəstəkarlıq fənlərinin tədrisində əsas vəsait kimi istifadə olunmaq imkanına malikdir. Toplular tələbələrin milli və klassik musiqi üslublarını dərindən mənimsəməsinə, habelə, praktiki ifa bacarıqlarının inkişafına şərait yaradır. Nəşrlər seminar, fərdi məşğələ və yaradıcılıq tapşırıqlarında metodik material kimi müəllimlər tərəfindən geniş tətbiq oluna bilər. Eyni zamanda, bu əsərlər tələbələrin analitik düşünmə, interpretasiya və musiqi təhlili bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
Fondun belə müasir və peşəkar nəşrlərlə zənginləşdirilməsi ADMİU-da tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və elmi-tədris mühitinin daha da gücləndirilməsinə xidmət edir. Qeyd olunan vəsaitlər ADMİU-nun musiqi ixtisasları üzrə təhsil alan tələbələri, professor-müəllim heyəti və tədqiqatçılar üçün təcrübi və nəzəri baxımdan dəyərli resurs olmaqla yanaşı, milli musiqi irsinin öyrənilməsi və təbliği istiqamətində kitabxana fondunun imkanlarını daha da genişləndirir.
Kitabxana-informasiya mərkəzi fondun zənginləşdirilməsinə verdiyi töhfəyə görə Milli Kitabxana rəhbərliyinə və bütün əməkdaşlarına dərin təşəkkürünü bildirir.

