“Azərbaycan Respublikasının Konstitusiyası və suveren dövlət quruculuğu: keçmişdən gələcəyə” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası və suveren dövlət quruculuğu: keçmişdən gələcəyə” adlı elmi seminar keçirilib. Tədbir Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrası tərəfindən təşkil olunub.

Seminarın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyi, suverenlik anlayışı və konstitusional dövlət quruculuğu prosesi ilə bağlı elmi baxışları müzakirə etmək, həmçinin müasir mərhələdə Konstitusiyanın cəmiyyətdəki rolu və inkişaf perspektivlərini araşdırmaq olub.

       Seminarı giriş sözü ilə Kulturologiya fakültəsinin dekanı dosent Səyavuş Məhişov açaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nə həsr  olunması haqqında məlumat verib, anlam və önəmindən danışıb.  

Seminar çərçivəsində bir sıra elmi məruzələr dinlənilib.

       Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunmasının 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu ildönümü, digər tərəfdən də dövlətin ərazi bütövlüyünü təmin etmiş və milli suverenliyi tam bərpa etmiş İkinci Qarabağ müharibəsində qələbənin 5-ci ildönümünü qeyd etmək məqsədi daşıdığından və Azərbaycanın konstitusiya tarixi, Azərbaycanda konstitusionalizmin inkişafının keçdiyi  mərhələlərdən danışıb.

Müəllim Aygül Mirzəyeva “Konstitusiyanın vətəndaş cəmiyyəti quruculuğunda rolu” mövzusunda çıxış edərək Konstitusiyada insan hüquq və azadlıqlarının təminat mexanizmlərindən, demokratik idarəetmə prinsiplərinin tətbiqindən bəhs edib.

Tələbə Aysu Adıgözəlova isə “Gənclərin konstitusional dəyərlərin qorunmasında rolu” mövzusunda çıxış edərək gənc nəslin hüquqi maarifləndirilməsinin   7  əhəmiyyətini, milli dəyərlərlə hüquqi düşüncənin vəhdətini vurğulayıb.

Tədbir iştirakçıları tərəfindən aparılan elmi müzakirələr zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin strateji dayağı olmaqla, ölkənin siyasi, sosial və iqtisadi inkişafının hüquqi təminatını formalaşdırır.

Seminar iştirakçıları, həmçinin, qeyd ediblər ki, Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ kimi dəyərləndirilir. Bu təşəbbüs Konstitusiyanın norma və prinsiplərinin cəmiyyətin bütün sahələrində daha dərindən mənimsənilməsinə, vətəndaşların hüquqi mədəniyyətinin yüksəlməsinə xidmət edir.

Sonda bildirilib ki, ADMİU-da keçirilən bu kimi elmi tədbirlər təkcə nəzəri müzakirə platforması deyil, həm də tələbələrin milli kimlik, hüquqi düşüncə və vətəndaş məsuliyyəti baxımından formalaşmasında mühüm rol oynayır.