Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş bədii-qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
ADMİU Teatr sənəti fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Düşüncələr işığında” bədii-qiraət müsabiqəsinin II mərhələsi və mükafatlandırma mərasimi keçirildi.
I mərhələdən seçilmiş 11 tələbə finalda çıxış edərək Xalq şairinin poeziyasını fərdi bədii yozumlarla səhnələşdiriblər. Onların ifaları münsiflər heyəti – Xalq artisti İlham Namiq Kamal, Xalq artisti Sabir Məmmədov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi, Əməkdar artist Hüsniyyə Mürvətova, Əməkdar artist Ofeliya Nəzirova və Əməkdar artist Anar Heybətov tərəfindən dəyərləndirilib.
Final çıxışlarından sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudovanın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Rektor çıxışında B.Vahabzadənin Azərbaycan ədəbiyyatında və milli düşüncə tarixində mühüm yer tutduğunu, tələbələrin poeziyaya duyarlı yanaşmasının sevindirici olduğunu bildirib və iştirakçıları təbrik edib.
Münsiflərin qərarına əsasən, müsabiqənin qalibləri aşağıdakı kimi müəyyən olunub:
1-ci yer – Ağazadə Səma (Aktyor sənəti, III tədris ili);
2-ci yer – Xəlilli Məhərrəm (Aktyor sənəti, III tədris ili);
3-cü yer – Sultanov Əfqan (Aktyor sənəti, III tədris ili) və Məmmədzadə Murad (Aktyor sənəti, II tədris ili).
Qaliblərə ADMİU rəhbərliyi tərəfindən təsis olunmuş pul mükafatları, diplomlar və xatirə hədiyyələri təqdim edilib. Həmçinin müsabiqənin hər iki mərhələsində iştirak etmiş bütün tələbələr də sertifikat və xatirə hədiyyələri ilə təltif olunublar.
Tədbirdə ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, professor Azad Şükürov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi çıxış edərək belə müsabiqələrin tələbələrin yaradıcılıq təcrübəsinin genişlənməsinə və səhnə mədəniyyətinin inkişafına töhfə verdiyini vurğulayıb.
Tədbir Xalq şairi B.Vahabzadənin ədəbi irsinə hörmətin, eləcə də ADMİU-da gənc istedadların dəstəklənməsinə verilən önəmin göstəricisi kimi yadda qalıb.

