“Cumulus” Beynəlxalq təşkilatı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), 2022-ci ildə İncəsənət, dizayn və media sahələrində ali təhsil müəssisələrinin qlobal birliyi, 60 ölkədən 350 üzvü olan “Cumulus” Beynəlxalq təşkilatına üzv qəbul edilmişdir.
Üzvlük çərçivəsində beynəlxalq həmkarlar ilə güclü əlaqələrin qurulması, beynəlmiləlləşmə və qarşılıqlı öyrənmə öhdəliyinə sahib həmfikir insanlarla görüşlərin təşkili, müəyyən sahələrdə tərəfdaşların axtarışı və şəbəkələşmənin asanlaşdırılması, “Cumulus” proqramlarının strateji istiqamətlərində bilavasitə iştirak edilməsi, professor-müəllim heyətinin, əməkdaşların və tələbələrin konfranslarda, qlobal tələbə yarışmalarında, işçi qruplarda və ya xüsusi təşəbbüslərdə iştirakının təmin edilməsi, müəllimlərin nəşrləri üçün platformaların zənginləşdirilməsi, akademik heyətin bütün dünyada öyrədilən, tədqiq edilən və tətbiq edilən sənət fənləri haqqında yeni ideyalarla tanış olunmasının təmin edilməsi nəzərdə tutulur.
“Qara Dəniz Universitetləri Şəbəkəsi”
ADMİU, 2022-ci ildən ADMİU 12 ölkədən 120-dən çox universitetin üzv olduğu Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradılan “Qara Dəniz Universitetləri Şəbəkəsi”nə (BSUN) üzvdür və birgə layihələrdə iştirak edir. 2023-cü ildən isə TÜRKSOY-un təşkilatçılığı ilə yaradılan “Türk Dünyası Sənət Universitetləri Birliyi”nə üzvdür.
Erasmus+Jean Monnet Modulu
ADMİU Beynəlxalq proqram və layihələr sahəsində də fəaliyyət göstərir.
Belə ki, 2023-cü ildə ADMİU-nun Erasmus+Jean Monnet Modulu çərçivəsində təqdim etdiyi “Avropa İttifaqında incəsənət və siyasətin kəsişməsinin tədqiqi” adlı layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdir. Modul incəsənət və siyasət arasındakı əlaqənin tarixi, mədəni və sosial kontekstlər tərəfindən formalaşan mürəkkəb və çoxşaxəli əlaqələrinə istinad edir. Layihə çərçivəsində ADMİU Avropa İttifaqına üzv dövlətlərin bu əlaqələri araşdırmaq istiqamətində əldə etdikləri unikal təcrübəni öyrənməyi və tədris prosesinə tətbiq etməyi hədəfləyir. Bundan əlavə, modulun tətbiqi tələbələrin tədqiqat bacarıqlarını və tənqidi düşünmə qabiliyyətlərinin inkişafına da töhfə verir. Layihənin koordinatoru və tədqiqatçısı Namiq Kərimov, müəllimlər isə müvafiq olaraq Elçin Cəfərov və Tərlan Rəsulov müəyyənləşdirilmişdir.
ECAR və ENGAGE
ADMİU, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) və “Azərbaycanın Ali Təhsil Müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE)” adlı iki Erasmus+ layihəsində tərəfdaşdır.
Avropa Komissiyasının Erasmus+ Ali təhsildə Potensialın Gücləndirilməsi Porqramı Çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransı” layihəsi çərçivəsində ADMİU-nun Rektoru və prorektorları tərəfdaş Avropa rektorlar konfranslarının təcrübəsini öyrənmək məqsədilə Fransa, Belçika, İsveç, Litva və İspaniya universitetlərinə səfər etmişlər. Azərbaycanın Ali Təhsil Müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE) çərçivəsində isə sahibkarlıq fəaliyyətləri, innovasiyaların idarə edilməsi, sahibkarlığın kurikuluma inteqrasiyasını gücləndirmək məqsədi ilə ADMİU əməkdaşları Estoniya, İsveç, Portuqaliya, Polşa və İspaniyanın qabaqcıl və prestijli təhsil ocaqlarında səfərlərdə olmuşlar.