Beynəlxalq Turizm Bələdçiləri gününə həsr olunmuş təlim-treninq keçirilib

21 fevral Beynəlxalq Turizm bələdçiləri günü münasibətilə 21-24 fevral 2026-cı il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treninq layihəsinə həyata keçirilib.
Layihənin iki treninqi (21, 22 fevral) AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalında, digər iki treninqi isə (23, 24 fevral) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (Muzeyşünaslıq və turizm kafedrası) təşkil olunub. Layihənin əsas məqsədi turizm, eləcə də muzey bələdçilərinin peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulamaq, mədəni irsin elmi əsaslarla şərhini təşviq etmək və müasir bələdçilik yanaşmalarını ictimai müzakirəyə çıxarmaqdır.
Təlim-treninqlərin açılışı günü (21 fevral) tədbirin mahiyyəti və aktuallığı barədə məlumat verən Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov maddi-mədəni irsin qorunması, elmi əsaslarla təqdim olunması və cəmiyyətə düzgün çatdırılması məsələlərini vurğulayıb.
İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının əməkdaşlarından professor Lətifə Summerer, baş müəllim Əli Abuzərov turizm bələdçilərinin milli kimliyin təbliği və ölkənin beynəlxalq imicinin formalaşdırılmasındakı rolunu, dosent Nurlana Bağırova bələdçilik tarixinin təşəkkülündə muzeylərin tarixi əhəmiyyət ilə bağlı çıxışlar ediblər.
Tədbirin birinci günündə “Arxeoloji qazıntıdan arxeoturizmə və muzey arxeologiyasına”, “Müasir bələdçilik fəaliyyəti və kommunikasiya bacarıqları”, “Muzeylərdə arxeoloji irsin tədrisi – elmi-metodik yanaşmalar və perspektivlər”, “Muzeylərdə maddi-mədəniyyət nümunələrinin düzgün tanıdılması”, “Tarixin canlı səsi: peşəkar muzey bələdçisi”, Bələdçinin uğur modulu nədir?” mövzularında məruzələr dinlənilib.
Təlim-treninqlərin ADMİU-da keçirilən hissələri də pedaqoji heyət və tələbə kontingenti tərəfindən maraqla qarşılanıb. 23 fevral tarixində baş tutan təlimi universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq elmləri doktoru, dosent Sədaqət Əliyeva açıb. O, bu təlim-treninqlərin turizm bələdçiləri, muzey işi, abidələrin qorunması ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin artırılması və praktiki bacarıqlarının formalaşmasına əhəmiyyətli şəkildə təsir edəcəyini vurğulayıb.
Kulturologiya fakültəsinin dekanı, sənətşünalıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Məhişov təlimin növbəti məşqlərinə uğurlar arzu edib. Həmin tarixdə keçirilən təlimdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev “Arxeoturizm- keçmişə bizimlə səyahət”, Qobustan Milli Tarix Bədii Qoruğunun aparıcı elmi işçisi Günay Verdiyeva “Qobustan: tarix və turizmin görüş yeri”, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, elmi işçi Mircavid Ağalarov “Orta əsr Azərbaycan şəhəri: arxeoloqun gördüyü ilə bələdçinin danışdığı arasında fərq” mövzularla çıxış ediblər. Maraqla qarşılanan çıxışlar, fikir mübadiləsi, suallara cavablarla davam etdirilib.
Fevralın 24-də keçirilən növbəti təlimə moderatorluq edən Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent Yeganə Eyvazova tədbirin iştirakçılarını təqdim edib. Tədbirin açılış nitqini AMEA-nın AAİ-nun Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, AMEA-nın AAİ-nun İctimaiyyət ilə əlaqələr şöbəsinin müdiri, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov edib. Təlimdə Milli Azərbaycan Tarix Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova “Postmodern muzeydə bələdçilik: interpertasiya, identiklik, auditoriya problemi”, tarix elmləri doktoru Məlahət Fərəcova “Qayaüstü incəsənətə fərqli baxış: 3D mədəni irs və gələcək”, professor Latifa Sümmerer “Arxeoloji qazıntı sahələrinin qorunması”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nurlana Bağırovanın “Muzey turizmi” mövzularındakı çıxışları böyük maraqla qarşılanıb. Çıxışlardan sonra təlim dəyirmi masa ətrafında müəllim, tələbə heyəti ilə aparılan müzakirələrlə davam etdirilib.