Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun pedaqoqları Vamiq Məmmədəliyev və Samirə Əliyevaya həsr olunmuş tədbir keçirilib

Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə bədii gecə keçirilib.

ADMİU-nun rəhbərliyi, professor-müəllim kollektivi, tanınmış sənət nümayəndələri, musiqisevərlər və mətbuat nümayəndələrin iştirak etdiyi tədbir Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyevanın beynəlxalq uğuruna həsr olunub.

Bu haqda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova danışıb. O öz çıxışında qeyd edib ki, cari ilin 27 iyul tarixində Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşə əsas məsələlərin müzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanın tanınmış mədəniyyət ekspertləri qatılıblar.

Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının (Arirang Masters) fəxri siyahısı təsdiq olunub. 14 ölkədən 20 namizədin təsdiq olunduğu siyahıda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyeva təmsil edirlər. Onlar mədəni irsinin qorunması və təbliğində müstəsna töhfələrinə görə bu fəxri nominasiyaya layiq görülüblər.

Sənətkarları yeni uğurları münasibəti ilə təbrik edən xanım rektor onların Azərbaycan musiqi sənətinə verdikləri saysız-hesabsız töhfələrdən danışıb, gələcək fəaliyyətlərində daha böyük nəaliyyətlər arzulayıb.

Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək Xalq artisti Vamiq Məmmədəliyevi və Əməkdar Mədəniyyət işçisi Samirə Əliyevanı təbrik edib, Azərbaycan mədəniyyətinin bu cür mötəbər beynəlxalq platformada təmsil edilməsinin önəmini vurğulayıb.

Daha sonra C.Səlimxanov və C.Mahmudova səbəbkarlara beynəlxalq sertifikatlarını təqdim ediblər.

Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev sevincini tədbir iştirakçıları ilə bölüşüb, göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə, ADMİU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib.

ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor Kamilə Dadaş-zadə çıxış edərək hər iki sənətkarın yaradıcılıq özəlliklərindən danışıb, onların bu cür beynəlxalq uğurlarını Azərbaycan musiqi sənətinin uğuru adlandırıb.

Daha sonra tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin müəllim və tələbələrinin ifasında bədii hissə ilə davam edib.