BMU-nun tələbələri ADMIU-da…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin ingilis dilində səhnələşdirdikləri “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsəri nümayiş etdirilib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova BMU-nun kollektivi və tələbələrinin belə bir xoş, eləcə də əhəmiyyətli təşəbbüslə çıxış etməsindən məmnunluğunu ifadə edib. Rektor tamaşanı izləyənlər arasında ADMİU-nun Teatr sənəti fakültəsinin tələbə-müəllim kollektivinin olduğunu bildirib və onlarda mühəndislik sahəsində təhsil alan tələbələrin ifasında səhnələşdirilən tamaşaya baxmağın ikiqat maraq doğurduğunu deyib. BMU-da incəsənətə böyük sevginin olmasının, mədəniyyətimizin təbliğinin müsbət tərəflərini önə çəkən Ceyran Mahmudova bunun texniki biliklər alan gənclərimizin gözəl zövqünün formalaşmasında, habelə mədəniyyətimizi daha yaxından tanımalarında əvəzsiz rol oynadığını deyib.
Xüsusilə klassik repertuara müraciət olunmasını yüksək qiymətləndirən xanım rektor tələbələrin böyük Mirzə Fətəli Axundzadənin əsərini ingilis dilində canlandırılmasını alqışlayıb: “Təbii ki, biz təkcə Azərbaycan dilində yox, müxtəlif dillərdə də öz klassiklərimizi təbliğ etməliyik və bu işdə əməyi keçən bütün insanlara, başda hörmətli rektor həmkarım olmaqla, öz təşəkkürümü bildirirəm”.
BMU-nun rektoru Yaqub Piriyev ölkəmizi mədəniyyət və incəsənət sahəsi üzrə dəyərli kadrlarla təmin edən, milli mədəniyyətimizə böyük töhfələr verən ADMİU-da belə bir tamaşaya baxış keçirilməsinin təsadüf olmadığına diqqət çəkib. Tamaşanı izləyənlər arasında ADMİU-nun tələbələri ilə yanaşı, tanınmış mədəniyyət xadimləri, teatr sənəti biliciləri və professorların yer aldığını söyləyən rektor bu şəxslərin qarşısında çıxış etməyin böyük məsuliyyət olduğunu ifadə edib. Rektor zəngin tarixi köklərə malik mədəniyyətimizin təbliği sahəsində ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərdən danışıb və tələbələrin hərtərəfli inkişafını stimullaşdıran tədbirlərin önəmini nəzərə çatdırıb. Yaqub Piriyev istedadlı gənclərin peşəkarlığının üzə çıxarılması istiqamətində BMU-da görülən işlərə, tələbələrin uğurlarına toxunub, hər iki universitetin əməkdaşlığının bu işə mühüm töhfə verəcəyinə inandığını bildirib və ADMİU-nun rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü dilə gətirib. Ötən il BMU-da ADMİU-nun 100 illiyinin təntənəli şəkildə qeyd edildiyini də xatırladan rektor iki universitet arasında uğurlu əlaqələrin qurulduğunu və birgə mədəni tədbirlərin davam edəcəyini vurğulayıb.
Sonra tələbələrin ifasında “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsəri təqdim olunub.
Qısa aktlar formatında ingilis dilində səhnələşdirilən tamaşa böyük maraqla izlənilib.
Tədbirin sonunda çıxış edənlər tamaşanın yüksək səviyyədə hazırlandığını deyib, səhnə əsərinin ərsəyə gəlməsində əməyi olan BMU-nun Xarici dillər kafedrasının əməkdaşlarına təşəkkürlərini bildiriblər.