rektor

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rektoru

Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor

Ceyran Emin qızı Mahmudova 19 iyul 1964-cü il tarixində Bakı şəhərində anadan olub. 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1987-90-cı ilərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əyani aspirantı olub. 1990-96-cı illərdə həmin institutda kiçik elmi işçi, elmi işçi, baş elmi içşi vəzifələrində çalışıb. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim vəzifəsindən professor vəzifəsinə qədər yüksəlib.

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. AAK tərəfindən 2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layıq görülüb.

2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvüdür. C.Mahmudova 3 monoqrafiya, ali mәktәblәr üçün 2 dәrs vәsaiti, orta mәktәb müәllimlәri üçün 2 metodik göstәrici, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin və fənn proqramlarının müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.

2010-2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.

2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində işləyib.

30 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

Rektora müraciət üçün