Dünya şöhrətli riyaziyyatçı alim M.Əfəndiyev ADMİU-nun qonağı olub

Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humbolt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub.

Universitetin rektoru professor Ceyran Mahmudova Məsud Əfəndiyevi salamlayaraq onu rəhbəri olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, alimin riyaziyyat sahəsindəki zəngin təcrübəsi Azərbaycan gəncliyi üçün böyük əhəmiyyətə malikdir.

C.Mahmudova elm xadimi kimi Azərbaycanı xarici ölkələrdə yüksək səviyyədə təmsil etdiyinə görə professor Məsud Əfəndiyevə öz minnətdarlığını bildirib, Azərbaycanın onun kimi oğullarla hər zaman fəxr etdiyini, gələcəkdə də fəxr edəcəyini söyləyib.

Professor Məsud Əfəndiyev ADMİU-nun rektoru professor Ceyran Mahmudovaya yüksək qonaqpərvərlik və səmimi qarşılanma üçün öz təşəkkürünü bildirib.

Görüşdə həmçinin, Azərbaycan diasporasının Almaniyada yaşayan nümayəndələri ilə ADMİU arasındakı əlaqələrin genişləndirilməsi məsələsi də müzakirə edilib.

Daha sonra alim ADMİU ilə yaxından tanış olub, müəllimlərin və tələbələrin əl işlərinə tamaşa edib.

Qeyd edək ki, 1991-ci ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Science – JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.