“Düşüncələr işığında” bədii-qiraət müsabiqəsinin I mərhələsi yekunlaşıb

ADMİU-nun Teatr sənəti fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Düşüncələr işığında” bədii-qiraət müsabiqəsinin I mərhələsi keçirilib və uğurla yekunlaşıb.

Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamı əsasında böyük şairin 100 illik yubileyinin qeyd olunması məqsədilə təşkil edilir. Layihə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsinin tanıdılması, milli düşüncə, vətənpərvərlik və humanizm kimi ideyalarının gənclər arasında təbliği məqsədi daşıyır.

I mərhələdə tələbələr müxtəlif şairlərin əsərlərindən bədii qiraətlər təqdim edərək poetik nümunələrə fərqli yanaşmalarını nümayiş etdiriblər.

İştirakçıların çıxışları münsiflər heyəti – Xalq artisti İlham Namiq Kamal, Xalq artisti Sabir Məmmədov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi, Əməkdar artist Hüsniyyə Mürvətova, Əməkdar artist Ofeliya Nəzirova və Əməkdar artist Anar Heybətov tərəfindən qiymətləndirilib.

Müsabiqənin növbəti – II mərhələsi 11 dekabr tarixində keçiriləcək. Qaliblər diplomlarla yanaşı, mükafat fondu ilə də təltif olunacaqlar.

Müsabiqə böyük şairin irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gənc istedadların üzə çıxarılmasına və onların yaradıcılıq potensialının dəstəklənməsinə xidmət edir.