Əli Tudənin əsərlərindən ibarət çoxcildlik ADMİU-da
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə görkəmli ədəbiyyatşünas-alim, Əməkdar incəsənət xadimi, şair Əli Tudənin 20 cildlik “Əsərləri” toplusu bağışlanıb. Bu hədiyyə universitetin elmi-ictimai mühitində milli ədəbiyyat irsinin təbliği və öyrənilməsi baxımından mühüm elmi-mədəni hadisə kimi dəyərləndirilir. Bağışlanan çoxcildlik nəşr Əli Tudənin zəngin ədəbi yaradıcılığını, milli ideya və azadlıq düşüncəsini əhatə edən poeziya, publisistika, ədəbi-tənqid, xatirə və tərcümə nümunələrini özündə birləşdirir.
Əli Tudənin irsi Azərbaycan ədəbiyyatının mühacirət dövrü tədqiqatlarında mühüm mənbə rolunu oynayır və milli mədəni yaddaşın qorunmasında əvəzsiz əhəmiyyət kəsb edir. Onun əsərlərində milli kimlik, mənəvi azadlıq və humanizm ideyaları ədəbi-fəlsəfi kontekstdə təqdim olunur. Şairin oğlu, rejissor Natiq Cavadzadə tərəfindən ADMİU Kitabxana-informasiya mərkəzinə hədiyyə olunan çoxcildlik elmi tədqiqatçılar və tələbələr üçün fundamental mənbə bazasının genişlənməsinə xidmət edir. Bu təşəbbüs universitetdə milli-mənəvi irsə əsaslanan nəzəri araşdırma ənənələrinin davamlı inkişafına stimul verir.


