İnzibati-Təsərrüfat İşləri Üzrə Prorektor
Əliyev Fərhad Əli oğlu 1951-ci ilin dekabr ayının 3-də Azərbaycan Respublikası Bərdə rayonunun Alpoud kəndində anadan olmuşdur.
1967-72-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-İqtisad fakültəsində “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə təhsil almışdır.
1972-1973-cü illərdə Moskva şəhərində ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1974-cü ilin fevral ayından 1982-ci ilin iyul ayına kimi Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin mərkəzi aparatının Plan-Maliyyə şöbəsində böyük, aparıcı və baş iqtisadçı vəzifələrində çalışmışdır.
1982-ci ilin iyul ayından isə Azərbaycan Respublikası Ali və Otra İxtisas Təhsili Nazirliyinin Kollegiyasının qərarı ilə həmin nazirliyin Təftiş və Nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1988-ci ilin oktyabr ayına kimi çalışmışdır.
1988-ci ilin oktyabr ayından etibarən hökümətin müvafiq qərarı ilə Ali və Orta İxtisas Təhsili, Maarif Nazirlikləri və Respublika Texniki Peşə Təhsili Komitəsinin bazası əsasında yeni yaradılmış Xalq Təhsili Nazirliyinin Mühasibat uçotu, Hesabat və Nəzarət idarəsində aparıcı iqtisadçı, idarə rəisinin müavini və 1993-cü ildən 2015-ci ilin dekabr ayına kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun müdiri vəzifəsində dövlət qulluğunda çalışmışdır.
2016-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun Maliyyə və İqtisadi Məsələləri üzrə müşavir vəzifəsinə təyin edilmişdir.
2018-ci ilin oktyabr ayının 1-dən isə Azərbaycan Respublikası Təhsil nazirliyinin müvafiq əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təsdiq edilmişdir.
Əmək fəaliyyəti dövründə tədris, elmi, praktik keyfiyyət göstəriciləri aşağıdakı kimi xarakterizə edilir.
1978-1980-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetinin İdeoloji Kadrlar fakültəsinin İqtisadiyyat şöbəsində təhsil almış və oranı “fərqlənmə” diplomu ilə bitirmişdir.
1998-ci və 1999-cu illərdə Rusiya Federasiyasının Moskva şəhərində Kremlin Qurultaylar sarayında keçirilən “Mühasiblərin və Auditorların I və II Qurultayında və 2000-ci ildə keçirilən Beynəlxalq Forumda Azərbaycan Respublikasından nümayəndə” kimi seçilmiş və iştirak etmişdir.
2000-ci ilin avqust ayının 31-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Beynəlxalq Daxili Auditorlar İnstitutuna üzv seçilmişdir və həmin institutun 1048035 saylı Beynəlxalq sertifikatını almışdır.
Uçotun Beynəlxalq Standartlarına keçidi ilə əlaqədar 2006-cı ilin noyabr ayında Türkiyədə keçirilmiş “Dünya mühasiblərinin 17-ci konqresi”ndə və respublikamızda keçirilən beynəlxalq səviyyəli kongres, toplantı və seminarların iştirakçısı olmuşdur.
İşlədiyi illər ərzində mühasibat uçotunun təşkili, təkmilləşdirilməsi, maliyyə və uçot əməliyyatlarının avtomatlaşdırılması istiqamətində fəaliyyət göstərmiş və 1984-2018-ci illər ərzində isə respublikanın müxtəlif nəşriyyatlarında çap edilmiş 1 kitab və 40-dan çox elmi-praktik məqalə və tezislərin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 03 oktyabr tarixli, 1754 №-li sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.