Feride-Sefiyeva

Ədəbiyyat və Dillər Kafedrasının Müdiri

Filologiya elmləri doktoru, professor

Fəridə Ramiz qızı Səfiyeva 1964-cü il noyabrın 27-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1997-ci ildə “Bəxtiyar Vahabzadənin dramaturgiyası” mövzusunda fəlsəfə doktorluğu, 2012-ci ildə “Nəbi Xəzrinin yaradıcılığında fərdi üslub və poetika problemləri” adlı elmləri doktorluğu dissertasiyasını müdafiə edib. 1999-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dədə Qorqud Elmi Mərkəzində baş elmi işçi vəzifəsində çalışıb. 2001-ci ildən Azərbaycan Dillər Universitetinin Ədəbiyyat tarixi kafedrasının müəllimi, dosenti, 2005-ci ildən 2018-ci ilə qədər Azərbaycan ədəbiyyatı kafedrasında müdiri olub. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasına rəhbərlik edir. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Fəridə Səfiyeva 8 kitab, 60-dan çox elmi məqalə, konfrans məruzəsi və tezisin müəllifidir. Məqalələrin bir qismi Rusiyanın, Türkiyənin və Ukraynanın nüfuzlu dərgilərində çap olunub. Müxtəlif beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib. 2011-ci ildə Türkiyədə keçiriən “Eğitim gelişmeler və kültürel paylaşım semineri”nin iştirakçısı olub. Nəbi Xəzrinin dövlət səviyyəsində keçirilən yubiley tədbirində ssenari müəllifi və məruzəçi kimi iştirak edib.

Polşa dövlətinin və Azərbaycanın Polşadakı səfirliyinin sifarişi ilə çap olunan “Azərbaycan dili” dərsliyi (“Materialy didaktyczne do nauki jezika Azerbeyjdzanskiego”) Polşa universitetlərində geniş istifadə edilir. Nadir arxiv sənədləri əsasında yazılan “Bir ömrün iziylə” kitabı Azərbaycan xalqının elmi potensialının formalaşmasında böyük xidmətləri olan akademik Heydər Hüseynovun həyat və fəaliyyətinə həsr olunub. Kitabın təqdimatı Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı və iştirakı ilə keçirilib. Kitabın yenidən nəşri fondun vəsaiti hesabına reallaşıb. Hazırda kitab rus dilinə tərcümə olunur və növbəti təqdimatı Moskvada gözlənilir.