“Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı çərçivəsində “Həyat deyəsən gözəldir” filmi nümayiş olunub
İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən birgə təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq.
Kino dünyasına əhəmiyyətli töhfə verəcək Festival oktyabrın 18-də ilk film nümayişləri və ustad dərsləri ilə açılıb.
Festival çərçivəsində Xalq artisti, ADMİU-nun professoru Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Həyat deyəsən gözəldir” filmi nümayiş olunub. Festivalın xüsusi qonaqları Azərbaycan kino və televiziya sənətində mühüm rolu olan Xalq artisti, rejissor Vaqif Mustafayev və Azərbaycanfilm Kinostudiyasının direktoru, prodüser Azər Quliyevdir.
Kino həvəskarları Vaqif Mustafayev və Azər Quliyevlə bir araya gələrək onların təcrübələrini öyrənmək imkanı əldə ediblər. Beynəlxalq uğurlara imza atmış Vaqif Mustafayev, festivalda kino karyerası və sənət təcrübəsini gənc kino sənətçiləri ilə paylaşıb. Azər Quliyev isə Türkiyə və Azərbaycan arasında kino sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, gələcək layihələr barədə təcrübələrini və təkliflərini paylaşıb.
Bildirilib ki, “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino festivalı iki qardaş ölkə arasında sənət körpüsü qurmaqla yanaşı, kino həvəskarlarına və bu sahədə fəaliyyət göstərən mütəxəssislərə fərqli bir təcrübə nümayiş etdirmək məqsədi daşıyır. Vaqif Mustafayev və Azər Quliyevin iştirakı festivalın proqramına rəngarənglik gətirməklə yanaşı, hər iki ölkənin kinosevərləri üçün unudulmaz bir xatirə olub.