Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, Vətənim…” konsert-kompozisiyası keçirilib
Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, Vətənim…” konsert-kompozisiyası keçirilib.
Konsertdə millət vəkilləri, Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının rəhbərləri, ADMİU-nun professor-müəllim heyəti və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi açaraq Füzuli yaradıcılığından, onun ölməz əsərlərindən bəhs edib, beş əsrdir ki, Füzuli işığının Azərbaycan və Şərq ədəbiyyatını aydınlatdığını qeyd edib.
Gecədə Xalq artisti, ADMİU-nun Muğam sənəti kafedrasının müdiri Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev, Ramil Hümbətov və Vüsal Qasımovun ifasında ölməz şairin əsərlərinə yazılmış muğamlar ifa ediblər. İfaçıları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimovun (nağara) yer aldığı “Xarı bülbül” muğam qrupu müşayiət edib.