Gender bərabərliyi mədəniyyətinin təbliği mövzusunda elmi seminar keçirilib
24 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər və tələbələr üçün “Gender bərabərliyi mədəniyyətinin təbliği və beynəlxalq təcrübə” adlı elmi seminar keçirilib.
Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva seminarı giriş sözü açaraq, dövrümüzün aktual problemlərinə toxunub, gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva gender bərabərliyinin təmin olunması istiqamətində aparılan dövlət siyasəti, mövcud qanunvericilik aktları və institusional mexanizmlər haqqında ətraflı məlumat verib. Həmçinin bu sahədə beynəlxalq təcrübə və Azərbaycan hökumətinin 1995-ci ildə qoşulduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası”ndan irəli gələn tövsiyyələrin icrası ilə bağlı həyata keçirilən tədbirlər və təqdim edilən dövri hesabat haqqında danışıb. O, COP29 Konfransı çərçivəsində qəbul edilən 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı haqqında iştirakçıları məlumatlandırıb.
Komitənin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova ’“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatını və ictimai həyatın bütün sahələrində kişi və qadınların təmsilçiliyi ilə bağlı mövcud vəziyyəti, statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.