Görkəmli bəstəkarların xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib
Dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən Xalq artisti, bəstəkar Tofiq Quliyev və Xalq artisti, bəstəkar Emin Sabitoğlunun xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib.
Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova hər iki bəstəkarın dostluq münasibətlərindən söz açıb, aralarındakı yaş fərqinə baxmayaraq, Tofiq Quliyev və Emin Sabitoğlunun çox yaxşı dost olduqlarını deyib. Daha sonra xanım rektor hər iki bəstəkarın yaradıcılıqları haqqında danışıb, onların Azərbaycan musiqi tarixindəki əvəzsiz yerindən bəhs edib.
Hüseynağa Aslanovun aparıcılığı ilə keçən konsertdə Estrada sənəti kafedrasının məzun və tələbələri- Əli Muradov, Mütəllim Mütəllimov, Valeriya Hüseynzadə, Selcan Rəfili, Fatimə İbrahimli, Bəxtiyar Quliyev, Mərdan Kazımov, Kənan Qasımzadə, Elmira Atapour, Aleksandra Makarova,Abdulsalam Şabanlı, Aidə Kərimova və başqaları görkəmli bəstəkarların ölməz əsərlərini ifa ediblər.
Sonda konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayeva çıxış edərək Tofiq Quliyev və Emin Sabitoğlu əsərlərinin əbədiyaşarlığından danışıb, konsertin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

