“Günaydın, mələyim!” Türkiyədə…

İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən birgə təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq.

Kino dünyasına əhəmiyyətli töhfə verəcək Festival oktyabrın 18-dən ilk film nümayişləri və ustad dərsləri ilə öz işinə başlayıb.

“Film Heç Bitməsin” Film Festivalının ikinci mühüm tədbiri noyabrın 18-də keçirilib. Belə ki, öncə Xalq artisti, ADMİU-nun professoru Oktay Mir-Qasımın ssenari müəllifi və rejissoru olduğu “Günaydın, mələyim!” filmi nümayiş olunub. Müasir Azərbaycan kinosunun seçilən nümunələrindən olan bu film, həm mövzusu, həm də bədii təqdimatı ilə Türkiyə tamaşaçılarını dərindən təsirləndirib.

Nümayişdən sonra qonaqlar Xalq artisti, professor Oktay Mir-Qasım və Xalq artisti, professor Məmmədsəfa Qasımov tamaşaçılarla görüşüblər. Müzakirədə Nişantaşı Universitetinin Radio, Televiziya və Kino bölümünün tələbələri ilə yanaşı, Türkiyənin ünlü sənətçiləri  Engin Ayça, Gülşen Taner, Nilufer Pembecioglu, filmin rejissoru Əli İmanov və başqaları da iştirak edib.  

Bu görüş filmin dərin mesajlarını və rejissorun yaradıcı yanaşmasını müzakirə etmək üçün əhəmiyyətli platforma rolunu oynayıb.

ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərovun moderatorluğu ilə keçirilən görüşdə film müzakirə olunub, iştirakçıların sualları qonaqlar tərəfindən cavablandırılıb. Müzakirə zamanı film haqqında ətraflı danışılıb, tamaşaçıların sualları cavablandırılıb, Azərbaycan və Türkiyə kinosu haqqında dəyərli fikirlər, o cümlədən iki ölkənin kino sahəsində əməkdaşlıq pespektivləri mazakirə edilib. İzləyicilər, xüsusilə də tələbələr, filmin insani dəyərləri və müharibənin şəxsi həyatlara təsirini bədii dərinliklə təqdim etməsini yüksək qiymətləndiriblər. Müzakirədə çıxış edənlər Film heç bitməsin kino festivalını Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün önəmli addımlardan biri kimi qiymətləndiriblər.