Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yazıçı, publisist Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimat mərasimi keçirilib.

Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə universitetin rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Fəridə Səfiyeva Günel Anarqızını salamlayıb, onun yaradıcılığı haqqında geniş məlumat verib. Günel Anarqızının ədəbiyyata bağlı bir ailədə böyüdüyünü, Azərbaycan ədəbiyyatında müstəsna yerə sahib Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsi, Xalq yazıçısı Anarın övladı olduğunu xatırladan professor bu mühitdə sanki onun yaradıcılıqdan, yazmaqdan başqa yolunun qalmadığını, onların yolunu davam etdirmək kimi müqəddəs missiyanın isə öhdəsindən ən gözəl şəkildə gəldiyini deyib.

Tədbirin təşkilatçısı, Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənova çıxış edərək G.Anarqızının vətənpərvərlik ruhlu əsərlərinin gənclər üçün örnək olduğunu deyib, bu cür görüşlərin tələbələrin yaradıcı təfəkkürünün inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirin bədii hissəsi başlayıb.

Bədii hissədə tələbə Günel Həmidova “Altıncı” povestindən bir səhnəni canlandırıb. Eyni zamanda tələbələr Şəhla Sadıqova və Zəhra Abdulqədirova yazıçının “Şuşaya məktub”, Lalə Cəlili “Əsgərə məktub”, Əliağa Tapdıqlı və Firuzə İsmayıl “Bayrağa ithaf”, Nihad Kərimov, Aişə Şirinova, İlahə Şirbidova “16 səbəb” əsərlərini səsləndiriblər. Fərid Əzizli “Şuşanın dağları” və “Xudayar təsnifi” ifaları ilə tədbirə rəng qatıblar. Onu tarda Nihad Quliyev, kamançada Nigar Əlizadə müşayiət ediblər.

Bədii hissədən sonra yazıçı Günel Anarqızı çıxış edərək görüşün təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, “Sərhədsiz səma” kitabı haqqında məlumat verib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Sonda müəllif kitabını imzalayaraq tələbələrə hədiyyə edib.