Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri

Əməkdar incəsənət xadimi, dosent 

Hafiz Məhərrəm oğlu Quliyev 10 may 1960-cı ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu rejissorluq ixtisası üzrə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına işləməyə göndərilmiş, 1996-cı ildə həmin teatrın baş rejissoru vəzifəsinə təyin olunmuşdur.

Hafiz Quliyev opera və musiqili teatr sahəsində uzunillik yaradıcılıq fəaliyyəti ilə Azərbaycan milli musiqi irsinin səhnə təcəssümünə və milli opera sənətinin inkişafına mühüm töhfələr vermişdir. Onun quruluşunda Azərbaycan və dünya musiqili teatrının bir sıra dəyərli nümunələri səhnələşdirilmişdir. Rejissorun quruluş verdiyi əsərlər sırasında Süleyman Ələsgərovun “Solğun çiçəklər”, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Fikrət Əmirovun “Sevil”, Şəfiqə Axundovanın “Gəlin qayası”, Ramiz Mustafayevin “Vaqif”, Firəngiz Əlizadənin “İntizar”, Cahangir Cahangirovun “Xanəndənin taleyi”, Nazim Əliverdibəyovun “Cırtdan”, Murad Kajlayevin “Valida” və Şahin Musaoğlunun “Beş qapı” əsərləri yer alır.

O, həmçinin Cakomo Puççininin “Bohema” və “Cio-cio-san”, Cüzeppe Verdinin “Aida”, “Riqoletto”, “Traviata” və “Trubadur”, Pyetro Maskanyinin “Kənd namusu” və Rucero Leonkavallonun “Məzhəkəçilər” operalarının rejissoru, Cakomo Puççininin “Toska” operasının isə quruluşçu rejissoru olmuşdur.

Hafiz Quliyevin yaradıcılığında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının xarici ölkə teatrlarında səhnələşdirilməsi xüsusi yer tutur. Əsər onun quruluşunda 2003 və 2013-cü illərdə Ankara Opera və Balet Teatrında, 2009 və 2018-ci illərdə Samsun Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Rejissorun quruluşları Belarus Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin şəhərində, Moskvada və Bolqarıstanın müxtəlif teatr məkanlarında da təqdim olunmuşdur. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası isə Tacikistanın Düşənbə şəhərindəki Akademik Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.

Hafiz Quliyev Çexiya və Koreyada keçirilən beynəlxalq festivallarda iştirak etmiş, Beynəlxalq İpək Yolu festivalı üçün səkkiz tamaşa hazırlamışdır. O, müxtəlif ölkələrdə Azərbaycan opera sənətinin təbliğinə xidmət edən yaradıcılıq layihələrində iştirak etmiş, dövlət və hökumət səviyyəli tədbirlərin, yubileylərin və mədəni proqramların rejissoru olmuşdur.

Hafiz Quliyev pedaqoji fəaliyyətə də xüsusi önəm verir. 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənəti üzrə, 2002-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında opera sinfində dərs deyir. Dosent olan sənətkar uzunillik səhnə təcrübəsini gələcək rejissorların və opera ifaçılarının peşəkar hazırlığına yönəldir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyəti dövründə Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Alim Qasımov, Azər Zeynalov, Fidan Hacıyeva və bu kimi onlarla tanınmış sənətkarların səhnə fəaliyyətinə töhfə vermişdir.

Hafiz Quliyev Azərbaycanda eyni zamanda xarici ölkələrdə keçirilən xeyli sayda dövlət əhəmiyyətli tədbirlərin rejissoru kimi fəaliyyət göstərmişdir.

Hafiz Quliyev Azərbaycan musiqi və ədəbiyyat xadimlərinin yubileylərinə həsr olunmuş çoxsaylı tədbirlərin təşkilində və bədii həllində iştirak etmişdir. Onun fəaliyyətində Cabbar Qaryağdıoğlunun 150 illiyinə, Keçəçioğlu Məhəmmədin 150 illiyinə, bəstəkar Niyazinin 90 illiyinə, Fikrət Əmirovun 90 illiyinə, Zülfü Adıgözəlovun 100 illiyinə və Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş tədbirlər xüsusi yer tutur. O, həmçinin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə, Taras Şevçenkonun 200 illiyinə və Xurşudbanu Natəvanın 180 illiyinə həsr olunmuş mədəni layihələrdə iştirak etmişdir. Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə Fransa və Avstriyada keçirilən tədbirlər, 2015-ci ildə təşkil olunmuş Sabir poeziya günləri də onun yaradıcılıq fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bundan əlavə, Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında bədii-yaradıcılıq festivalının münsiflər heyətinin üzvü və yekun konsertinin rejissoru olmuşdur.

Hafiz Quliyev sənət sahəsindəki xidmətlərinə görə bir sıra fəxri ad və mükafatlara layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatını almışdır. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına, 2019-cu ildə Üzeyir Hacıbəyli mükafatına layiq görülmüşdür. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilmiş, 10 mart 2025-ci ildə isə “Teatr xadimi” mükafatına layiq görülmüşdür.

Hafiz Quliyevin çoxillik yaradıcılıq və pedaqoji fəaliyyəti Azərbaycan opera və teatr sənətinin inkişafına, milli musiqi irsinin qorunmasına, gənc sənətkarların yetişdirilməsinə və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.