“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi əlilliyi və ya sağlamlıqla bağlı çətinliyi olan uşaqların incəsənətin müxtəlif sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinə bələdçilik edəcək mütəxəssislərin hazırlanmasıdır.
Bu məqsədlə müəyyən ixtisaslar üzrə təhsil alan tələbələrə “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni tədris ediləcək. Tədris proqramı Rəssamlıq, Musiqi sənəti və Teatr sənəti fakültələri üzrə bakalavr səviyyəsinin II və III kurs Azərbaycan və rus bölmələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.
ADMİU-nun həssas qrupa aid edilən (internat evləri, sığınacaqlarda təhsil alan və yaşayan) uşaqlarla praktiki iş sahəsində təcrübəsi var. Bu təcrübənin davamı kimi, həmçinin beynəlxalq təcrübəyə əsaslanaraq universitet “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsini həyata keçirməyə başladı.
Layihə çərçivəsində ilkin olaraq Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələr üçün fənnin tədrisinə başlanılıb. Növbəti illərdə digər sahələrdə (musiqi və teatr) təhsil alan tələbələrə də eyni adlı fənn tədris olunacaqdır.
Proqramı tamamlayan tələbələr nə əldə edəcəklər?
Ölkəmizdə ümumtəhsil məktəblərində inklüziv təhsilin tətbiqinə başlanılıb, proqram sayəsində gələcək müəllimlər artıq inklüziv siniflərə daha hazırlıqlı daxil olacaqlar, bununla yanaşı, tələbələr ixtisaslarına uyğun olaraq reabilitasiya və inkişaf mərkəzlərində də müəllim kimi fəaliyyət göstərə biləcəklər.
Kurs praktiki yönümlüdür. Praktika zamanı tələbələr əvvəlcədən hazırladıqları layihə əsasında universitetin əməkdaşlıq etdiyi müəssisələrə səfər edərək, həmin müəssisələrin benefisiarlarına təsviri sənəti (ixtisaslarına uyğun olaraq) tədris edəcəklər.
Praktiki hissə rəsm, teatr sahələrində və ya müxtəlif musiqi alətlərində (xalq çalğı alətləri, skripka, gitara, fleyta, fortopiano və s.) ifa bacarıqları olan tələbələr üçün nəzərdə tutulub.
Universitetimiz layihə çərçivəsində bir sıra müəssisə və təşkilatlarla əməkdaşlıq qurub. Tələbələr nəzəri bazaya yiyələndikdən sonra praktika zamanı həmin müəssisələrdə öz bilik və bacarıqlarını tətbiq edəcəklər.